“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Milli komandaların oyunlarına görə yaranacaq fasilə ərəfəsində vacib qələbə qazandıq. Komandanın yarısı istirahətdə olacaq, yarısı milli komandaların düşərgəsinə yollanacaq. Bu stadionda, bu şəhərdə oynamaq bizim üçün həmişə xoşdur. Belə azarkeş qarşısında oynamaq futbolçulara əlavə motivasiya verir. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, çox səliqəli dəstək verdilər. “Sumqayıt”a uğurlar arzulayıram. Futbolçularımın hər birindən razı qaldım”.
Baş məşqçi “Qarabağ”da debüt edən Aleksey Kaşuk və zədədən sonra ilk dəfə meydana çıxan Musa Qurbanlı barədə də danışıb:
“Kaşuk bir ildən çox idi ki, oynamırdı. Heç normal hazırlıq da keçməyib. Onun üçün bu gün oynamaq asan deyildi. Eləcə də Musa üçün. Əməliyyatdan sonra hələ tam optimal formasından uzaqdır. Onların bugünkü hazırlığına görə performansından razı qaldım. Dinamikanı tam qoruyub-saxlaya bilmirdilər, bəzi texniki səhvləri olurdu. Amma diqqətləri oyunda idi. Mənim üçün vacib olan odur. Pis alınmadı. Bu cür davam etsələr, hər ikisinin idman forması daha yaxşı olacaq”.
“Bu, həmin “Sumqayıt”dır ki…”
Qurban Qurbanov bu mövsüm elə də yaxşı təsir bağışlamayan “Sumqayıt”ı çətinliklə məğlub etmələri və cəmi 1 qol vurmaları barədə sualı belə cavablandırıb:
“Hansısa komanda bizdən aşağı pillədədirsə, o demək deyil ki, biz onlara 4-5 qol vurmalıyıq. Özümüzdən güclü rəqibə qalib gəlmişik, özümüzdən zəifə də uduzmuşuq. “Sumqayıt”ın turnir cədvəlindəki yeri aşağı pillədə olsa da, onların özünəməxsus oyun üslubu var. Ən intizamlı müdafiə olunan oyunlarından biri idi. Çox bəyəndim. Kəsərli əks-hücumları var idi. Futbolda belə deyim yoxdur ki, zəif komandaya mütləq 4-5 qol vurmalıyıq. Heç kimə zəif gözü ilə baxmırıq. Bu həmin “Sumqayıt”dır ki, ötən mövsüm avrokuboklara vəsiqə qazandı. Onların ötən mövsüm də uğursuz seriyası var idi, ancaq bizə burada qalib gəlmişdilər. Özü də biz əsas heyətlə oynayırdıq. Futbol elə səviyyəyə gəlib çıxıb ki, istənilən komanda digərinə qalib gələ bilər. Vacib olan futbolçuların meydandakı düşüncəsi, intizamlı oyunu, dinamikasıdır. Belə olduqda, uduzsaq da, bəzən məyus olmuruq. Elə oyunlar var ki, istəksiz, dinamikasız uduruq, ya uduzuruq. Bu da məni narahat edir. Bu gün qalib gəlməsəydik də, futbolçulardan razı qalacaqdım. Çünki neçə oyundur xeyli rotasiyalar edirik. Qarşımzıda çox yaxşı məşqçi, çox yaxşı kollektiv var idi”.



