“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 13-cü turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 3:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandılar. Sürətli əks-hücumları olan komandaya qarşı oynayırdıq. Yorğunluq olsa da, futbolçular sona qədər oyun intizamını qoruyub-saxlaya bildilər. Meydanda çox əziyyət çəkdilər. Bir neçə gün istirahət etdikdən sonra futbolçularla yenidən birlikdə olacağıq. Şahin Diniyevə də uğurlar arzulayıram.
Futbolçuların durumunu hər məşqdən sonra yoxlayırıq. İki oyun ardıcıl olanda oynamaq olur, üçüncü matç gəldikdə, çətinlik yaranır. Futbolçularla da ayrılıqda söhbət etdik, hamısı oynamaq istəyirdi. Bu, çox vacibdir. Yorğun olsalar da, dedilər ki, nə qədər lazımdırsa, meydanda ola bilərik. Hazırlıqlarına inanaraq, güvənərək, rotasiyaya çox da ehtiyac duymadım”.
“Milli fasilə futbola çox böyük zərbə vurur”
Qurban Qurbanov milli komandaların oyunlarına görə yaranan fasilələrin ziyanlarından da söz açıb:
“Bununla bağlı başımıza çox iş gəlib. Milli fasilə futbola çox böyük zərbə vurur. Dəfələrlə olub ki, ən bahalı oyunçum belə, milliyə gedib, zədəli qayıdıb. Bütün Avropa, böyük klublar da bundan şikayət edir. Futbolçular yaxşı idman formasına gəlib çatırlar, sonra fasilə olur, milliyə gedib yorğun gəlirlər, burada olanlar da öz idman formasından uzaqlaşırlar. Bu fasilənin baxımlı futbola böyük zərbə vurur. Bəlkə də, nəyisə dəyişmək olar. UEFA və FİFA bu haqda düşünməlidir. Futbolçu ilə illik müqavilə imzalayırsan. Ancaq hansısa diqqətsiz addıma görə, futbolçu zədələnir. Altı aydan sonra onu yenidən idman formasına gətirirsən, amma yarım illik müqavilə artıq getmiş olur. Çox böyük zərbədir. Ələlxüsus da, bizim kimi klublara…
Bəzən milli komandada oynayan futbolçularımızı meydana buraxmıram, onları qoruyuram ki, gedib millidə iki oynayıb, yorğun olacaqlar. Milli komandada bunu düşünmürlər. Marko Veşoviçlə Marko Yankoviç hər dəfə milliyə gedəndə, nəsə bir şeylə qayıdırlar. Millidə elə fikirləşirlər ki, futbolçular klubdan hazır gəlmirlər. Bütün milli komandalarda belə ideya yaranıb. Amma fikirləşmirlər ki, bunlar ilboyu oynayırlar, əksinə həmin oyunçuya istirahət lazımdır. Mən çalışıram, klubda rotasiya edim. İlboyu 45-50 oyun oynayan futbolçu var ki, onlara istirahət verilməlidir, insandırlar, robot deyillər. Özlərinə gəlməlidirlər. Elvin Cəfərquliyevi bu gün dəyişdim. Sprint olan oyunçuları daha çox qorumalıyıq. Bəhlul Mustafazadəni dəyişmədim. Bir aydan çox oynamadı, bu gün əksinə ona daha çox oynamaq lazımdır. Ehtiyatlanmadım. Ancaq Cəfərquliyevi oynatmaqdan ehtiyatlanırdım. Millidə üç günə iki oyun oynayacaqlar. Zərbə klublara dəyir. Bir oyun uduza bilərik, amma oyunçunun zədələnməsi, sonradan özünü bərpa etməsi problemdir. Bu, geniş mövzudur, daha çox danışmaq olar. Amma bu qədər bəsdir. Əks halda birdən məni cərimələyərlər”. (gülür)
“Qarşımıza “altılığ”a düşmək vəzifəsi qoyulub” – Şahin Diniyev
“Səbail”in baş məşqçisi Şahin Diniyev isə komandasının məğlubiyyəti barədə bunları dilə gətirib:
“Bu gün oyuna hücumçusuz başladıq. İlk dəqiqələrdə “Qarabağ”ın təzyiqinin qarşısını almağa çalışdıq ki, tez qol buraxmayaq. Amma qol tez oldu. Pedro Nuno epizoddan yararlanıb qol vursaydı, başqa cür olardı. “Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm. Onların meydana əsas heyətlə çıxacağını da gözləmirdik. “Qarabağ”ın bu heyətinə qarşı oynamaq nəinki bizə, Avropanın aparıcı klublarına da çox çətindir. Bu komandaya qarşı açıq futbol oynamaq təhlükəlidir, cinayətdir. Amma oyunun nəticəsi bizə bunu məcbur etdi. Açıq futbol oynamağa çalışdıq, qol da vurduq, yenə vura bilərdik, buraxa da bilərdik. Səlahət Ağayev bu gün qapıda möhtəşəm idi. Futbol oynamağa çalışdıq. Fasilədə oyunçulara dedim ki, itirəcəyimiz bir şey yoxdur, qazanacağımız nəsə ola bilər. Fasilədən sonra komanda yaxşı və məzmunlu oynadı. İrəli baxmalıyıq. Qarşıda çox vacib oyunlarımız var. Çempionat maraqlı gedir, biz düz yoldayıq, bu yola da davam edəcəyik.
Süleyman Əhmədov meydana zədəli çıxmışdı. Cabir Əmirli əməliyyat olunub, yoxdur. Adil Nağıyev də zədəlidir. Müdafiədə itkilərimiz yetərincədir. Vüqar Həsənov əməliyyatdan yeni çıxıb. Axırda məcbur olub mərkəz müdafiəçisini o mövqedə oynamaq üçün buraxdıq. Halbuki, heç vaxt orada oynamayıb. Yusif də kiçik zədə və iynə ilə oynayırdı. Amma rotasiya etməyə, oyunu dəyişmək üçün heyətimiz yoxdur. Yadin Luqası hücumameyilli yarımmüdafiəçidir, ancaq onu sağ cinah müdafiəçisi kimi oynatdıq. Bunlar hamısı yoxluqdan və məcburiyyətdən idi. Zədəlilər qayıtdıqdan sonra daha məzmunlu və daha yaxşı “Səbail” görəcəyik.
Futbol proqnozu sevməyən oyundur. Ancaq komandanın potensialı var. Bizim qarşımıza “altılığ”a düşmək vəzifəsi qoyulub. Ondan sonra nə qədər irəliləyə biləcəyiksə, gedəcəyik. “Səbail” futbol oynamağı bacaran komandadır. Potensiallı, istedadlı oyunçularımız çoxdur. Hər komanda ilə oyunda qol epizodu yarada bilirik. Yeganə komandayıq ki, 13 oyunun hər birində qol vururuq. Deyə bilərlər ki, çox da qol buraxırıq. Amma çoxluqla irəli gedirsənsə, qol da buraxacaqsan. Lakin prinsiplərimizdən əl çəkməyəcəyik. Potensialımız var, komanda yaxşı yerlərdən birini tutacaq”.


