“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında “Ludoqorets”ə qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Ağdam klubu sabah ÇL-in 3-cü təsnifat mərhələsi çərçivəsində doğma meydanda Bolqarıstan çempionu ilə üz-üzə gələcək.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq ilk oyuna saat 20:00-da start veriləcək. Qurbanov bu gün ilk matç ərəfəsində təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Çox vacib matça çıxacağıq. Bizi yaxşı oyun gözləyir. Çünki yaxşı təcrübəsi, ayrılıqda oyunçuların fərdi keyfiyyətləri yüksək olan komandaya qarşı oynayacağıq. Futbolçularımızı hazırlamışıq. Amma əvvəlki oyunlardan fərqli olaraq, tam istədiyimiz kimi hazırlaya bilmədik. Çünki çempionat matçımız var idi. Məşqimiz tam istədiyimiz keyfiyyətdə keçmədi. Oyunun vacibliyini hamımız bilirik. Futbolçular oyundan-oyuna daha yaxşı performans göstərmək üçün hazırdırlar. Sabah çalışacağıq ki, həmişə olduğu kimi azarkeşlər oyunumuzdan razı qalsınlar, baxımlı oyun izləsinlər. Bu cür yanaşmaq çox vacibdir. Futbolçular bunu dərk etməlidirlər.
Mərhələ iki matçdan ibarətdir. “Ludoqorets”in oyununa baxanda, oyunçuların, komandanın təcrübəsi məni cəlb etdi. Çox soyuqqanlıdırlar. Oyunu yaxşı idarə edirlər. Bəzən görürsən ki, hansısa dəqiqələrdə komanda öz oyununu itirir, düşündüklərini meydanda edə bilmir. Amma “Ludoqorets” istənilən anda, lazım olanı edə bilir. Bu da məni çox cəlb etdi. Əvvəlki oyunların nəticəsinə baxmırıq. Bəlkə komandada hardasa bir az qeyri-ciddilik olub. Amma ilk oyunda nəticə əldə ediblər, cavab matçında isə nəticəni qoruyublar”.
Qurban Qurbanov “Ludoqorets” səddini keçəcəkləri halda pley-offda Zaqreb “Dinamo”suna rəqib olmalarına da münasibət bildirib:
“Həmişə istənilən püşkə normal yanaşmışam. Hər bir komanda öz ölkəsinin çempionudur. Onlara qeyri-ciddi yanaşa bilmərik. Eləcə də, bizə qeyri-ciddi yanaşa bilməzlər. Bizi indi düşündürən, vacib olan “Ludoqorets”lə oyunlardır. Ardıcıl 9 il avrokubokların qrup mərhələsində oynamaq çox böyük nailiyyətdir. Çox diqqətli olmalıyıq. Hansısa dəqiqələrdə üstünlüyümüz ola bilər, amma bu, bizi aldatmamalıdır. Fərdi keyfiyyətləri üstün olan komandalar var. Çox ciddi olmalıyıq”.
“Bu, işimizi çətinləşdirir”
Baş məşqçi “Ludoqorets”lə oyunlarda favorit göstərilmələrinə də toxunub:
“İki komandadan birini favorit göstərməlidirlər. Bizə o gözlə baxırlarsa, belə reaksiya verməli deyilik. İşin görünən və görünməyən tərəfi var. Ola bilər ki, görünən tərəfini görürlər. Bizim ən böyük diqqətimiz elə görünməyən tərəflərdə olur. Onu düzgün analiz etməliyik. Normal baxıram. Elə olub ki, rəqibimizi favorit görüblər. Biz buna görə oyuna görə hazırlaşmayacağıq”.
Qurbanov oğlu Musa Qurbanlının durumundan söz açıb:
“Menisk əməliyyatı bir aylıq prosesdir. Sonra bərpa prosesi gedir. Çox da ciddi zədə deyil. Fərdi məşqlərə başlayıb. Üç gündür artıq məşq edir. Bir həftəyə komanda ilə məşqlərə başlayacaq. Bir aydan sonra lazım olan halda meydana çıxa bilər”.
“Qarabağ”ın çalışdırıcısı Olavio Juninyonun uğurlu çıxışı sayəsində digər klubların maraq dairəsinə düşməsindən də danışıb:
“Bizə böyük diqqət ayırırlar, doğrudur. Bunun hər oyunda şahidi olmuşuq. “Ludoqrets” haqda danışıramsa ki, təcrübəli klubdur, onlar da bizim haqqımızda belə danışırlar. Bu, işimizi çətinləşdirir. Ancaq əlavə motivasiya verir. Daha hazırlıqlı olmalıyıq ki, rəqibin bizə qarşı göstərdiyi mübarizəyə hazır olaq. Juninyo məsələsinə gəldikdə, bu barədə düşünmürük. Məqsədimiz onu daha da yaxşı etməkdir. Komandaya faydası daha çox olmalıdır. O, özü peşəkar olaraq, yaxşı anlamalıdır. Bilməlidir ki, rəqiblər hər qol vurduqca onun oyununu izləyirlər. Juninyonun hazırlığı öndə olmalıdır ki, rəqibdən üstün olsun”.
Qurban Qurbanov nəzərdə tutduqları daha bir transferin baş tutmadığını bəyan edib:
“Düşərgəmizə yeni oyunçu gəlməli idi. Amma gələsi olmadı. O qədər dedim ki, danışırıq, sonda alınmır, bu dəfə də elə oldu. İki gün öncə bir futbolçu Bakıda olmalı idi. Amma sonda ortaya nəsə çıxdı və alınmadı. Hələ ki, qalıb”.