“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 10-cu turunda “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Azərsun Arena”da baş tutmuş oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Rəqibin baş məşqçisinə təşəkkür edirəm ki, oyunun yerinin dəyişdirilməsinə razılıq verdi. Matçdan əvvəl də ona təşəkkürmü bildirdim. Sağ olsunlar. Çox vacib qalibiyyət idi. İntizamlı komandaya qarşı oynayırdıq. Birinci hissədə çox düzgün müdafiə olundular, təhlükəli əks-hücumları oldu, penalti qazandılar. Oyundan qopmadıq, sona qədər çalışdıq ki, oyun intizamını qoruyaq. İkinci hissədə temp artdı, topdan daha tez oynamağa başladıq. Sonda qələbə qazandıq. Bu, çox vacib idi. Belə görünür ki, çempionatda bütün oyunlar bu məcrada keçəcək. Hər rəqibə qarşı yaxşı hazırlaşmalıyıq. Futbolçular üçün çox düşünmək lazımdır. Qarşıdakı matçlarda da ciddi olaraq, liderlər sırasındakı mübarizəmizi davam etdirəcəyik. “İmişli”yə uğurlar arzulayıram. Qısa vaxtda yaxşı təşkilatlanmış komanda yaradıblar.
Hər bir futbolçunun daha çox oynamağa ehtiyacı var. Bəzi oyunçular üçün belə matçlardan öncə 60 dəqiqə azdır. Oyun da pis getmirdi. Gedişata görə etdik. Kamilo Duran çox sprint etdi, güc sərf etdi. Təhlükəli idi, belə oyundan öncə ehtiyatlandıq. Nəriman Axundzadə və Emmanuel Addainin də oyunda olmasını istədim. Öndəki pressinqi saxlamaq üçün əvəzetmələr etdik.
Daha çox yaradıcı olmaq istəyirik ki, qol şanslarımız çox olsun. Bunda uğur daha çoxdur, davamiyyətlidir. Futbol, sistem inkişaf edib. Biz də buna hazır olmalıyıq. Maraqlıdır. Futbolçu meydanda daha çox düşünməli olur. Hardasa bacarırıq, hardasa da alınmır”.
“Neftçi”nin hücum xəttindən çəkinmirəm”
Qurban Qurbanov “Neftçi”nin Vensan Abubakarı transfer etməsinə də münasibət bildirib:
“Xeyirli olsun. Samir Abasovun açıqlamasını gördüm. Ulduz futbolçuları 1-2 ay əvvəl gətirmək olmur. Deyib ki, 2 ay əvvəl oyunçlar indi razılaşdığı qiymətə razılaşmırlar. Elə vəziyyətlər var ki, onunla ayaqlaşmalıyıq. Hər birimizin fərqli strategiyası var. Biz keyfiyyətli hücumçudan qaçmamışıq, onu əldə etməyə çalışmışıq. Əgər bizim sistemimizə uyğun olarsa, heç də keçən ildən az məbləğ təklif etmərik. Təbii ki, hücumçu üçün. Xeyli məbləğ təklif etdik, amma alınmadı. Futbolçu gəlmək istəmir, klubu səninlə oynayır. Bir az qeyri-ciddi söhbətlər olur. Keyfiyyətli oyunçulara həmişə üstünlük vermişik. Şansımız olarsa, biz də istifadə edərik. Öz büdcəmizə, komandamıza uyğun addımlar atmağa çalışırıq.
“Neftçi”nin hücum xəttindən çəkinmirəm, əksinə maraqlıdır. Mənim oyunçularım üçün əlavə motivasiya, məsuliyyət olacaq. Azarkeşlər sevinsinlər ki, belə ulduz futbolçuları görürlər”.
“Çelsi”nin Azərbaycana gəlməsi bizə əlavə motivasiya verir”
Qurban Qurbanov Xoni Montielin bu gün debüt etməsinə də toxunub:
“Onun üçün motivasiya olsun deyə meydana buraxdım. Xonini meydana buraxmaq fikrim yox idi. Son vaxtlarda çox ciddi hazırlaşır. İstədim ki, bu gün “23-lük”də olsun. O, hələ oyunda oynamağa, tempə dözməyə hazır deyil. Yeni gələndə zədələnmişdi. Formasını bərpa etməyə başladı. Xoninin işinə heyfim gəldi. Ona vaxt lazımdır”.
Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində İngiltərənin “Çelsi” klubuna qarşı keçirəcəkləri matçdan da söz açıb:
“Çelsi” dünyanın ən bahalı komandası, dünya çempionudur. Ən sürətli, ən dinamik liqadan gələn rəqibdir. Bu cür klubların Azərbaycana gəlməsi bizə və komandaya əlavə motivasiya verir. Təkcə bizim oyuna görə yox, ümumiyyətlə futbolun bəzəyi azarkeşdir. Nə qədər yaxşı oynasan da, azarkeş olmasa, oyun baxımlı görünmür. Çempionatın səviyyəsi aşağıdır. Futbolçunu nə qədər motivasiya etsən də, sənin düşündüyün motivasiyada oynamır. Biri də var, sən motivasiya verdin, azarkeş də əlavə motivasiya verdi. “Atletik”lə oyunda tam başqa səviyyə idi, azarkeşlər futbolçularına necə motivasiya verirdilər. Dayanmadılar, 90 dəqiqə dəstək oldular, bizə təzyiq etdilər. Bəzi çempionat oyunlarımızda biz 3-4 min azararkeş görəndə sevinirik, futbolçular sevinir ki, nə qədər azarkeş gəlib. Bu cür oyunda nə qədər alqış olardı, motivasiya olardı. Azarkeşsiz futbol keyfiyyətsiz görünür. Keyfiyyətli qaldırmaq üçün səbəblər varsa, meydança amili, hava şəraiti, onlardan biri də azarkeşdir. Ona görə də çox istəyərdik ki, azarkeşlər oyunumuza gəlsinlər. 3 min nəfərlik stadiondursa, tam dolsun. Dolu stadion tam başqadır. Ümidlə yaşayırıq. Yəqin ki, qarşıdakı illərdə olar”.



