“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində “Tirol”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Arena.az xəbər verir ki, Ağdam təmsilçisi bu qarşılaşmadan 4:0 hesablı qələbə ilə ayrılıb.
Qurban Qurbanov matçdan sonra klubun rəsmi saytına açıqlamasında fikirlərini bildirib:
“Ümumilikdə pis oyun alınmadı. Fiziki cəhətdən yüklənməyə və havanın isti keçməsinə baxmayaraq, futbolçular meydanda yaxşı mübarizə apardılar. Həm istədiyimiz yükləməni aldıq, həm də nəticə yaxşı oldu. İlk matçda belə qələbə qazanmaq futbolçulara da güvən verir. Əlbəttə ki, optimal formadan hələ uzağıq. Yeni transferlərimizə tam uyğunlaşmaq üçün bir az zaman lazımdır. Bununla belə, vacibi odur ki, istəklidilər. İnanıram ki, onlar komandamıza uzun müddət fayda verəcəklər. Gedişatdan və komandadan razı qaldım. Bu istəklə və templə davam edəcəyik”.


