Qurban Qurbanov: “Oyuna istədiyim kimi nəzarət edə bilmədik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 25-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 4:1 hesablı qələbəyə sevindikləri səfər matçından sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çox istəkli komandaya qarşı oynayırdıq. Bu matça çox yaxşı hazırlaşmışdılar. Oyuna tam istədiyim kimi nəzarət edə bilmədik. Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandıq. Azarkeşlər üçün çox maraqlı görüş oldu. Hər iki komanda sürətli, dinamik futbol oynadı. Stadionda çox yaxşı atmosfer var idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. İki qol sonda, əks-hücumlarda vuruldu. Rəqib riskə getmişdi. Belə matçlarda 1:2, 1:3 və ya 1:4 uduzmaq böyük fərq etmir. Çünki itiriləcək bir şey olmadığı üçün çox sayda futbolçu ilə irəli atılırlar”.

Qurban Qurbanov Premyer Liqanın turnir cədvəlindəki 23 xallıq fərq barədə sualı da cavablandırıb: “Bu xal fərqinə uçurum kimi baxmayaq. Əksinə, komplekt olunmuş komanda kimi baxaq. Bizim oyunlar daha uğurlu keçib, nəinki rəqiblərin. Bütün matçlara ciddi hazırlaşacağıq. Bu fikir bizə ancaq mane ola bilər. Elə oyunlarımız olub ki, çox gərgin keçib, son dəqiqələrdə qol vurmuşuq. Ola bilər ki, ustalıq keyfiyyətləri önə çıxıb. Çempionat heç də asan deyil. Bütün rəqiblər istənilən komandaya qarşı çox düzgün oynayırlar. Buna uçurum kimi baxmırıq”.

“Qarabağ”ı bizim kimi təzyiqdə saxlayan komanda görməmişəm”

“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Yaxşı oyun oldu. İlk yarını yaxşı, keyfiyyətli keçirdik. İkinci yarıda iki böyük səhv ucbatından iki qol buraxdıq. Bu cür səhvləri “Qarabağ”a qarşı edəndə, cəzalanacaqsan. Bərabərlik üçün hər şeyi etdik. Künc zərbələrindən sonra rəqib bizi əks-hücumda tutdu və qollar buraxdıq. 1:4 uduzsaq da, nəticə ədalətli deyildi. 1:2 uduza bilərdik, amma bu hesab ədalətli deyil. Əlimizdən gələni etdik. Heç kəs gözləmirdi ki, iki qolu bu şəkildə buraxacağıq. Qeyd etdiyim iki səhvdən savayı, oyunumuzun keyfiyyəti kifayət qədər yaxşı idi. “Qarabağ”ı son 15 dəqiqə kifayət qədər təzyiqdə saxlaya bildik. Azərbaycanda “Qarabağ”ı bizim kimi təzyiqdə saxlayan komanda görməmişəm.

Aydın məsələdir ki, məğlubiyyətdən sonra məsuliyyəti baş məşqçi daşıyır. İşləməyə davam etməliyik. “Qarabağ” və “Neftçi”nin bumövsümkü oyunlarına baxmısınız. Həmin oyunda “Neftçi” “Qarabağ”ın qapısına cəmi bir zərbə vurmuşdu. Bu gün isə oyun daha şən, maraqlı, keyfiyyətli keçdi. Bəli, qollar buraxdıq. Amma hər oyunçu sona qədər mübarizə apardı. Onların əziyyətinə baxıram və deyə bilərəm ki, onlardan razıyam. Digər rəqiblərə qarşı belə performans göstərsək, daha asan olacaq. Oyunun tempi də yüksək idi. Azərbaycan çempionatında belə oyunlar nadir hallarda olur. Oyun Avropa səviyyəsində keçdi, vaxt aparan, meydanda boş-boşuna gəzən yox idi”.