“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Sabah”a qarşı keçirdikləri cavab oyununu şərh edib.
Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 3:4 hesabıyla uduzduqları matçdan (ilk oyun 7:1) baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu oyunda məğlub olmağımıza baxmayaraq, futbolçularımı təbrik edirəm. Növbəti mərhələyə keçməyimiz vacib idi. İki matçın nəticəsinə görə qalib biz olduq. Amma qarşımızda fərqli “Sabah” var idi. Oyunu tam istədiyimiz kimi idarə edə bilmədik. Fərqli tələblərdə olan komanda var idi. Yaxşı, maraqlı epizodlar oldu. Azarkeşlər üçün bol qollu, maraqlı, gərgin görüş baş tutdu. “Sabah”a uğurlar arzulayıram. İki gündən sonra yenə bu rəqiblə oyunumuz var, həmin qarşılaşmaya hazırlaşacağıq”.
Qurban Qurbanov heyətdəki rotasiyalara da toxunub: “Bu matçda futbolçuların oyun ritmini aldım. Bəzi oyunçuların 90 dəqiqə meydanda olması mənim üçün vacib idi. Abbas Hüseynov uzun müddət oynamadıqdan sonra 90 dəqiqə meydanda oldu. Bu da məni sevindirdi. Digərlərinin də oynamasına ehtiyac var idi. Ümumi razı qaldığım və qalmadığım tərəflər oldu. Nəticə üçün oynadılar, müdafiədə boşluqlar verdik. Üç qol vurduq, dördünü buraxdıq. Görünən odur ki, arxa xətdə problemlər oldu. Bu da normaldır. Çünki müdafiədə daha çox rotasiya etmişdik. Bunu da hiss etdik. Qarşımızda güclü komanda var idi və futbolçuları topla yaxşı davranırdı. Onlar da bu şansdan istifadə etdilər. “Sabah”la çempionat görüşündə bugünkündən fərqli heyət olacaq. Matçın gedişində də lazım olsa, rotasiya edəcəyik”.
“Futbolçular bu matça yaxşı motivasiya olmuşdular” – Qafitullin
“Sabah”ın məşqçisi Ruslan Qafitullin isə matçdan sonra keçirilən mətbuat konfransında bunları dilə gətirib:
“İlk oyundakı böyük hesablı məğlubiyyətə baxmayaraq, futbolçular bu matça yaxşı motivasiya olmuşdular. Rəqibi meydanın mərkəzində qarşılayıb, əks-hücumlarda fərqlənməyə çalışdıq. Bu, oyunun bəzi anlarında alındı, bəzən isə yox. Yol verdiyimiz səhvlərin üzərində çalışmalıyıq”.