“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çox vacib qələbə qazandıq. Tam heyətlə deyildik. Zədəlilərimiz var idi. Yassin Benzya millidən gec gəlmişdi, əsas komanda ilə məşq etməmişdi. Xeyli qol epizodumuz olsa da, istifadə edə bilmədik. Bunnu aradan qaldırmaq rahatdır. Qarşımızda da çox yaxşı kollektiv var idi, yaxşı müdafiə olunurdu. Öz səhvimizdən qol buraxdıq. Rəqib buna məcbur etdi”.
Qurbanov bu mövsüm üç cəbhədə mübarizə aparmağın çətin olacağını bildirib: “Bu il ola bilər ki, daha çox güc sərf etməli olacağıq. Ölkə çempionatında da komandalar daha ciddi müqavimət göstərirlər, ciddi məqsəd qoyublar qarşılarına. Ümumi baxsaq, Avropa Liqasında oyun sayları eynidir. Yorğunluq olacaq. Milli komandaların da oyunları var. Limitlə bağlı yerli oyunçuya ehtiyacımız çox olur. Yeni transferlər üçün vaxtımız azdır. Danışıq apardığımız futbolçulardan pozitiv cavab almamışıq. Alınmamaq ehtimalı daha çoxdur.
Təcrübəli mütəxəssis Redon Cicanın Avroliqa üçün sifariş olunmamasına da şərh verib: “Avroliqada legioner və əsas oyunçuların say məhdudiyyəti var. Ona əməl etməliyik. Nəriman Axundzadə, Abbas Hüseynov, Musa Qurbanlı, Sadiq Məmmədzadəni siyahıdan çıxarsaq, onların əvəzinə oyunçu sala bilmərik. Bu o demək deyil ki, Cicaya inanmırıq. Cica ola bilər bu gün rəqabətdə Juninyoya uduzur. Amma ümumən baxanda, Cica mənə lazımdır. Bir-iki oyun oynamadısa, o demək deyil ki, ondan üz döndərmişəm, inanmıram. O da məni başa düşür. Hücum xəttində dəyişiklik edə bilirəm. Ona görə Cicanı siyahıdan çıxardıq. Aktiv məşq edir, intizamlı oyunçudur. Ölkə çempionatında sıx qrafikimiz olacaq. Böyük ehtimalla, daha çox şans qazanacaq”.
Qurban Qurbanov yeni transfer Aleksey Kaşukun durumundan da söz açıb: “Bir az vaxt lazım olacaq. Düzdür, məşqlərdə çox aktiv iştirak edir. Amma uzun müddət oynamayıb, kollektiv məşqlərdən uzaq olub. Risk etmək istəmirik. Bir neçə oyun da belə gedəcək. Oynaması məşqlərdən asılı olacaq”.
“Görsəm ki, işlər düz getmir…” – Şahin Diniyev
“Səbail”in baş məşqçisi Şahin Diniyev isə komandasının növbəti məğlubiyyətinə belə şərh verib:
“Azarkeşlər üçün yaxşı oyun oldu. Qarşılıqlı hücumlar şəraitində keçən matç idi. “Qarabağ” səviyyəcə liqadakı komandalardan bir baş üstündür. Komandamızın “Qarabağ”a qarşı belə dayanması məni sevindirdi. Pis təsir bağışlamadıq. Fərdi səhvlərimiz oldu. “Qarabağ”ı təbrik edirəm, öz komandama təşəkkür edirəm.
Bir hücumçumuz var idi, onu da itirmişik. Transfer məsələsi bizim üçün bağlanıb. Çalışacağıq ki, bu heyətlə uğur qazanaq. Nəticə bizi sıxır. Amma inamım çox böyükdür. Uduzursan, oyun yoxdursa, çətindir. Sevindirici haldır ki, oyun var. Nəticə gec-tez gələcək. Komanda yenidən qurulur. 22-23 yaşlı futbolçulardır çoxu. Komanda futbol oynamağı bacarır. Qorxum da yoxdur. Buradan da çıxacağıq. “Neftçi”, “Zirə”, “Qarabağ”la oynamışıq. Düzgün yoldayıq. Görsəm ki, işlər düz getmir, etiraf edərəm. Nəticələr çox yaxındadır”.