“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində “Aberdin”ə (Şotlandiya) qarşı keçirəcəkləri ilk oyundan əvvəl fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bu gün baş tutan mətbuat konfransı bunları söyləyib:
“Çox vacib oyuna çıxacağıq. Rəqibin açıqlamalarından görünür ki, inamlıdırlar, qələbəyə ümid edirlər. Bu, onların özlərinə inamından irəli gəlir. Biz də istəkliyik. İlk matç Bakıda keçirilsə də, hər şey cavab oyununda həll olunacaq.
Futbolçular “Aberdin”i yaxından tanıyırlar. Onlar son zamanlar daha çox istəklidirlər. Sabah meydanda mübarizə həddindən artıq çox olacaq, nəinki baxımlı oyun. Rəqibə boşluqlar verməməyə çalışacağıq.
“Aberdin” fiziki göstəricilərdə və standart vəziyyətlərdə çox yaxşıdır. Topla davranmağı xoşlayır və rahat qol vurmağı bacarırlar. Heç nədən qol epizodu yaradıb fərqlənə bilirlər. Bütün komponentlərdə diqqətli olmalıyıq. İnanıram ki, sabah bunu bacaracağıq”.
Sabah stadionun ot örtüyü əvvəlkindən yaxşı olmayacaq. Çünki cəmi bir həftə keçib. Biz də çox istərdik ki, yaxşı meydanda oynayaq. Topla davranmaqda çətinlik çəkəcəyik. Rəqib hava mübarizələrində yaxşıdır. Bunun qarşısını almağa çalışacağıq”.
Qurban Qurbanov rəqib komanda barədə də fikirlərini bölüşüb: “Aberdin”in sabah hansı taktika ilə oynayacağını bilmirik. Aşağı-yuxarı hansı sistemlə oynasa, meydanda 11 nəfərə qarşı eyni sayda oyunçu ilə çıxış edirsən. Eyni sistemdə oynayan komanda ilə 3-4 matç keçirsən, get-gedə oynamaq daha rahat olur. Ümid edirəm ki, sabah daha çox hücum edən tərəf olacağıq.
Əvvəlki mərhələlərdə üz-üzə gəldiyimiz rəqiblərlə “Aberdin”i müqayisə etmək düzgün çıxmaz. Hər biri ilə matçlarda çətinliklərimiz olub. Müqayisə etmək çətindir, hamısı ciddi rəqib idi. Hərəsinin öz oyun fəlsəfəsi var. Onlara qarşı düzgün hazırlaşdıq. Ola bilər ki, “Aberdin” bir az üstündür. Amma o birilərini də zəif saymıram”.
Ağdam klubunun çalışdırıcısı qələbəyə olmasa da, yaxşı oyun sərgiləyəcəklərinə söz verib: “Biz azarkeş üçün oynayırıq. Azarkeş qələbə ilə yanaşı, qollardan da həzz alır. Qarşımızda duran rəqib də boşluq vermir ki, istədiyimiz qədər qol vuraq. Bütün rəqiblər bizə həddən artıq ciddi yanaşır. Bu, bir tərəfdən, bizi sevindirsə də, eyni zamanda işimizi çətinləşdirir. Əvvəllər bizi çox ciddiyə almırdılar, bu da meydanda işimizi asanlaşdırırdı. Çoxlu qol vurmağı özüm də xoşlayıram. Futbolçularımın daha yaxşı performans sərgiləməsini və daha çox fərqlənmələrini istərdim. Ancaq belə turnirlərdə qol buraxmamaq daha çox vacibdir. Bu səbəbdən, həm hücumda, həm də müdafiədə oynamaq önəmlidir. Heç vaxt söz verməmişəm ki, mütləq qalib gələcəyəm. Həmişə söz vermişəm ki, komandam yaxşı mübarizə aparacaq. Qalibiyyət üçün ən yaxşısını etməyə çalışacağıq. Mən də futbolçularıma güvənərək deyirəm ki, sabah azarkeşlər oyundan razı qalacaqlar.
Yeni transferlərlə bağlı danışıqlar gedir. Tezliklə müsbət nəticə də ola bilər. Konkret cavab gözlədiyimiz bir neçə oyunçu var. Bu, təkcə hücum yox, müdafiə və yarımmüdafiə mövqeyinə də aiddir. Bəzən düşünmədiyimiz elementlər ortaya çıxır, danışıqlar yarıda qalır”.


