Qurban Qurbanov: “Qarşıya qoyulan minimum hədəfə çatdıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 18-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Bu gün çox yaxşı komandaya qarşı oynayırdıq. Rəqib son iki turda məğlub olmasına baxmayaraq, mövsümə nə cür başladısa, elə də davam etdi. Yanvardan indiyə qədər göstərilən performansa görə futbolçularıma təşəkkür edirəm. Bütün oyunlarda bizi tək qoymayan azarkeşlərimizə təşəkkürümü bildirirəm. Yaxşı sonluq oldu. Futbolçuların yaxşı əhvali-ruhiyyədə istirahət etmələri baxımından bu gün qalibiyyət çox vacib idi. Görünən odur ki, gələn il daha çox işləməli, daha diqqətli olmalıyıq. Ümumilikdə komandamdan razı qaldım. Xalqımız üçün 2025-ci il xoş keçsin, hamının arzusu reallaşsın, ölkəmiz üçün faydalı il olsun”.

Qurban Qurbanov 2024-cü ili komandası üçün uğurlu hesab etdiyini bildirib:

“Bu ili ən uğurlu illərimizdən biri adlandırardım. Avrokuboklarda 1/8 finala qədər irəlilədik. Ölkəmiz üçün futbol ili oldu. Xalqımız böyük futbol ab-havasını gördü. Həyəcanlı qalibiyyətlər və məğlubiyyətlər oldu. Məsələn, Almaniyanın “Bayer” komandasını hər iki matçda məğlub etmək üçün yaxşı şanslarımız olmuşdu. Həm çempion olduq, həm ölkə kubokunu qazandıq, həm də Çempionlar Liqasının pley-offunda oynadıq. Qarşıya qoyulan minimum hədəfə çatdıq”.

Elmar Baxşıyev: “Qışdan sonra iddiamızı artıracağıq”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Yaxşı oyun alındı. Hər iki komanda hərəkətli idi. Qışa kimi göstərdiyimiz oyunların içərisində ən yaxşılardan biri idi. Məğlub olduq. Komanda olaraq yaxşı iş gördük. Qışdan sonra üst pillələrdə yerimizi qoruyaraq, iddiamızı artıracağıq”.

Baxşıyev komandasının sayılmayan qolundan da danışıb: “Mənim fikrim başqa cür yozulur, hakimlərin fikri başqa cür. Keçən oyunda da penalti var idi. Bizə görə belə idi, onlara görə fərqli. Futbolda olan prosesdir. Bununla barışmaq lazımdır. Amma qərarı verən onlardır. Hörmətlə yanaşırıq”.

“Araz-Naxçıvan”ın baş məşqçisi qış fasiləsindəki planlarından da söz açıb:

“Heç kəs inanmasa da, bu komandanı mən yığmışam və futbolçuları yığanda da potensialına bələd idim. Yaxşı oyunçularımız var. Qələbələrə ac futbolçulardır. Oyun planında desəm ki, bu komandanı istəyirəm, yox. Daha yaxşı, oyun planında daha kreativ ola bilərik. Ümid edirəm ki, qışdan sonra oyun planında daha da arıtacağıq. Qışda ölkə daxilində qalacağıq. Vaxt az olduğundan burada hazırlaşacağıq. Çox geniş heyətimiz yoxdur. Yeni futbolçular ola bilər. İstədiyim tipdə oyunçular olsa, güclənməyə həmişə hazırıq”.