Qurban Qurbanov: “Qeyri-ciddi fikirlərə önəm vermirəm”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 5:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Milli fasilədən sonrakı ilk oyunda vacib qələbə qazandıq. Oyundan çox razı qalmadım. Dinamika istənilən səviyyədə deyildi. Futbolçuların bir-birini sığortalaması düşündüyümüz kimi olmadı. Çünki komanda yalnız dünən tam heyətlə məşq etmişdi”.

Qurbanov futbolçuların Azərbaycan millisinin heyətindəki məğlubiyyətlərin təsirindən nə dərəcədə çıxa bildiyi barədə sualı da cavablandırıb:

“Normal idilər. Bir az üzgünlük var idi. Gördüyünüz kimi, toparlanıblar. Amma məğlubiyyətlər yaddan çıxmır. Ümid edirəm, millimiz qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edər. Ən əsası odur ki, bu gün hamı oyunu zədəsiz başa vurdu. Hazırda milliyə aid məsələləni nə qədər az müzakirə etsək, daha yaxşı olar. Hər birimiz üzgünük. Bəlkə də bu oyunların bir neçəsi məğlub olası oyun deyildi. Millimiz əlinə düşən fürsətlərdən yararlana bilmədi. Bu durumdan çıxmaq lazımdır. Fernando Santos çox təcrübəli məqşçidir. İnanıram ki, psixoloji cəhətdən futbolçulara düzgün yanaşa biləcək. Hamımız millinin yanında olmalıyıq. Qarşıdakı matçlara daha istəkli və sakit hazırlaşmaq lazımdır”.

Baş məşqçi gənc futbolçular Nəriman Axundzadə ilə Musa Qurbanlının məhsuldarlığının az olmasına da münasibət bildirib:

“Onlar əsas heyət oyunçusu deyillər. Nəriman pis təsir bağışlamır. İki oyundanbir qol və ya assistlə yadda qalır. Musanın uzun fasilədən sonra ikinci oyunu idi. Rəqabətdə uduzurlar. Yaxşı nəticə vermək üçün oynadıqları dəqiqələr çox olmaldır. “Qarabağ”da yerli oyunçular heç də az oynamırlar. Üç cəbhədə mübarizə aparırıq”.

Qurban Qurbanov Ağdam klubunun sabiq üzvü olan İlqar Qurbanovun əvvəllər milli komandaya sifarişlə futbolçular dəvət olunduğu barədə açıqlamasına da reaksiya verib:

“Məni düz anlayın. Qeyri-ciddi fikirlərə önəm vermirəm. Bu danışıqlar sovet düşüncəsidir. Bacarıqlı futbolçuya görə heç kim zəng etmir. Mən belə şey görməmişəm, şahidi olmamışam. Belə fikirlər insanları futboldan uzaqlaşdırır. Mənə kim sifariş edə bilər ki?İlqarı görəndə soruşaram”.

“Hakimlərdən narazı olsam da, şikayət etməyəcəm”

“Kəpəz”in baş məşqçisi Azər Bağırov isə komandasının ağır məğlubiyyətinə belə şərh verib:

“Oyunun gərgin olacağını bilirdik. İlk dəqiqələrdən istəyirdik ki, uşaqlar rəqibdən çəkinməsinlər. Birinci hissədə buna nail olurduq. Birinci hissədə komanda çox xoşuma gəldi. İkinci yarının əvvəlində bir epizodumuz oldu. Onu vura bilsəydik, hər şey başqa cür ola bilərdi. Oyundan-oyuna daha yaxşı oluruq. Bu gün “Qarabağ”ın Avropa Liqasında oynayan heyətinə qarşı yaxşı çıxış etdik. Çatışmayan cəhətlərimizin üzərində işləyəcəyik. “Qarabağ”a Avropa Liqasında uğurlar arzulayıram.

“Qarabağ” bu çempionatda hamıdan güclüdür. Bir az da hakimlərin simpatiyası olanda hər şey başqa cür olur. Pananın başla qol vurduğu epizodda top qapı xəttini keçmişdi. Hakimlərdən narazı olsam da, şikayət etməyəcəm. Biz də bir az böyüməliyik”.