Qurban Qurbanov Qubada sərt danışdı: “Belə olmaz”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qubada baş tutmuş oyunu “Qarabağ”ın 1:0 hesablı çətin qələbəsi ilə yekunlaşıb.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularıma təşəkkür edirəm. Çox vacib qələbə qazandıq. Azarkeşlərimizə, bütün qubalılara təşəkkür edirəm. Komandanı çox gözəl qarşıladılar, bizə azarkeşlik edirdilər. “İmişli”yə uğurlar arzulayıram”.

Qurban Qurbanov Quba Olimpiya İdman Kompleksinin bərbad gündə olan qazonu barədə sualı cavablandırarkən sərt etirazını dilə gətirib:

“Meydança yox səviyyəsində idi. Belə meydanda futbol oynamağa necə icazə verilə bilər, başa düşmürəm. Bir neçə gün öncə İspaniyada ot örtüyünün durumuna görə iki oyunu təxirə saldılar. Çox danışmaq istəmirəm. Bəzi iradları bildirəndə deyirlər ki, ancaq “Qarabağ”ı düşünür. Bu meydançanı görməyə nə Qurban lazımdır, nə də başqası. Belə olmaz. Dərindən düşünsək, hər şeyin çıxış yolu var. Belə meydançada “Nyukasl”la oyuna necə hazırlaşaq? Gərək futbolçular 3-4 gün bərpa keçsinlər. Oyunçular ikiqat yükləndilər. Meydança müzakirə olunası mövzudur. Burada təkcə biz oynamırıq. Məncə, bütün komandalar şikayət edir. Oturub gözləyirdim ki, oyun nə vaxt qurtaracaq. Futboldan başqa nə desəniz, var idi”.

Qurban Qurbanov bəzi futbolçuların durumundan da danışıb, həmçinin Kadi Borgesin bu oyunda qırmızı vərəqə almasına münasibət bildirib:

“Mateus Koxalskinin yüngül zədəsi var idi. Dünən məşqdə zədə almışdı. Durumuna sabah aydınlıq gələcək. Buna görə adını bu görüşün ştirak ərizəsinə daxil etməmişdik. Leandro Andrade də oyundan çıxanda axsayırdı. Onun da durumuna baxacağıq. Meydança elədir ki, bilmirsən nə zədəsidir. O da sabah dəqiqləşəcək.

Bu gün əvəzetmələri həm oyunun gedişatına görə etdik, həm də ötən matçda 90 dəqiqə meydanda olanları axıra qədər meydanda saxlamamağa çalışdıq. “Şamaxı” ilə görüş süni örtüklü meydançada idi. Son iki matçda futbolçular 4 oyunluq yükləndilər. Belə komandalar 90 dəqiqə müdafiə olunurlar. Ona görə də futbolçular güc itirirlər.

“Nyukasl”la oyuna tam hazır olmayacağıq”

Kadi Borgesin qırmızı vərəqə almasına gəlincə, deyəcək çox söz yoxdur. Futbol mübarizə oyunudur. Rəqib Kadini əllə saxladı. O da insandır. Əlini atır ki, buraxsın. Hakim dərhal qırmızı vərəqə verir. Ola bilər toxunuş olub. Amma epizodun əvvəlinə baxmaq lazımdır. Bəlkə də heç hakim epizodu görmürdü. Yəqin Əliyar Ağayev VAR-dan deyib. Əliyar onsuz da bizim oyunlarda maraqlı qərarlar qəbul edir. Birinci dəfə deyil. Cavid Cəlilov heç epizoda baxmırdı. Mən də baxmırdım. Sonradan baxdım. Əvvəlki oyunda Bəhlul Mustafazadəyə ikinci sarı vərəqənin verilməməsi çox müzakirə olundu. Hakimlər yəqin ehtiyat edirlər. Hakimlərdən danışmağı xoşlamıram. Onlar federasiyaya bildirməlidirlər ki, bu stadionda futbol oynamaq olmaz. Hansı əsrdə yaşayırıq? Başa düşürəm ki, “İmişli” yeni komandadır, stadionu yoxdur. Burada oynayırlarsa, onda burada da məşq etsinlər də. Özləri niyə burada məşq etmirlər? Bakıda məşq edib Qubada oynayırlar. Bakıda da oynasınlar. Bunları ona görə deyirəm ki, bəlkə meydançanın yaxşılaşdırılmasına faydam olar. Heç kimlə düşmənliyimiz yoxdur. Sadəcə, istəyirik ki, normal futbol oynansın. “Nyukasl”la oyuna tam hazır olmayacağıq. Meydançanın bu dərəcədə pis olduğunu düşünmürdüm”.

Qurban Qurbanov “Neftçi” ilə oyunun təxirə salınmasından sonra “Qarabağ”ın sosial şəbəkələrdə çox tənqid olunmasına dair fikirlərini də bölüşüb:

“Hamımız azərbaycanlıyıq. Dünya futbolunda da aktual olan mövzudur. Hansısa komandanın üzərinə daha çox gedirlər. Normal bir şeydir. Bəlkə də intriqa belə böyüyür. İnanmıram ki, bizə qarşı nəsə olsun. Uğuru olan komandaya qarşı belə şeylər daha çox olur. Amma böyük futbola bir az hörmətlə yanaşmaq lazımdır. Azərbaycanı dünyada hamı tanıyır. Sosial şəbəkələrdə gedən müzakirələrə o qədər də fikir verməyək.

“Nyukasl” sürətli komandadır, Premyer Liqa təmsilçisidir. Son iki oyuna görə normal hazırlaşa bilmədik. Bu iki matçda bəlkə də 1000 ötürmə etməli idik, amma heç 500 ötürmə edə bilmədik. İstədiyim hücumları qura bilmədim. Amma təcrübəmiz var. İlk dəfə deyil. Sadəcə heç vaxt belə hazırlıq olmamışdı. Təxminən 20 dəqiqə 10 nəfərlə oynadıq. Futbolçular əlavə güc sərf etdilər. Futbolçuları tez bərpa etməliyik. İnşallah yaxşı olar”.

Xəbəri sosial şəbəkələrdə paylaş: