Qurban Qurbanov: “Rəqib 3:0-ı haqq etsə də, 3-cü qol artıq oldu”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində “Dinamo”ya qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Xorvatiya çempionları arasında Zaqreb şəhərində keçirilmiş ilk oyunda təmsilçimiz 0:3 hesablı məğlubiyyətlə üzləşib.

Matçdan sonra Ağdam klubunun təcrübəli baş məşqçisi Qurban Qurbanov komandasının məğlubiyyəti barədə bunları söyləyib:

“Əfsuslar olsun ki, böyük hesabla məğlub olduq. Rəqib komandanın gücünü bilirdik. Oyuna pis hazırlaşmamışdıq. Hesabda geridə olmağımıza baxmayaraq, futbolçularım çəkinmədən mübarizə apardılar. Bu, mənim çox xoşuma gəldi. Buraxdığımız üçüncü qol artıq oldu. Lakin 3:0 qalib gəliblərsə, deməli, bunu haqq ediblər. “Dinamo”nu qələbə münasibəti ilə təbrik edirəm.

Qarşıda hələ cavab oyunu var. Heyətdəki itkilərimiz davam edir. Bu hal bizə problem yarada bilər. İstənilən halda, cavab maçına hazırlaşacağıq. Azarkeşlərimizə yaxşı oyun göstərmək istəyirik. İlk matçda buraxdığımız səhvləri cavab görüşündə düzəltməyə çalışacağıq”.

“Dinamo”nun baş məşqçisi Sergey Yakiroviç isə ilk oyunda qazandıqları qələbəyə belə şərh verib:

“Futbolçularımı təbrik edirəm. Qarşılaşmanı yüksək səviyyədə keçirdik. Lakin rəqibimiz heç də zəif deyildi. “Qarabağ”la bağlı matçdan əvvəl dediklərim bu görüşdə öz təsdiqini tapdı. Biz hesabda 1:0 öndə olarkən rəqib üstünlüyü ələ almışdı. Rəqib komanda imkan tapanda çox yaxşı oyun sərgiləyir. 60-cı dəqiqəyə qədər müdafiədə boşluqlar verirdik. Lakin sonradan ərazi üstünlüyü yenidən bizə keçdi. Hətta, qarşılaşmanın son anlarında bir neçə dəfə qol imkanını boşa verdik”.

Qeyd edək ki, “Qarabağ”la “Dinamo” arasındakı cavab qarşılaşması avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu oyuna saat 20:45-də start veriləcək.