“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Səbail”ə qarşı keçirdikləri cavab oyununu şərh edib.
Arena.az xəbər verir ki, səfərdə 1:0 hesablı qələbə qazanmış Ağdam təmsilçisi bu rəqibini cavab görüşündə də 3:1 hesabıyla yenərək yarımfinala yüksəlib.
Qurban Qurbanov matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Yarımfinala vəsiqə qazandığımız üçün futbolçularımı təbrik edirəm. Hava soyuq olsa da, meydanda ciddi idilər. Rəqib də heyətində bəzi dəyişikliklər etmişdi. Amma bizə kifayət qədər problem yaratdı. Azarkeşlər üçün heç də maraqsız oyun olmadı, 4 qol izlədilər. Artıq qarşıdakı oyunlara hazırlaşacağıq”.
“Səbail”in məşqçisi Elvin Məmmədov isə komandasının növbəti məğlubiyyətinə belə aydınlıq gətirib:
“Kubok bizim üçün təcrübə idi. Uşaqlara təşəkkürümüzü bildiririk. Son matçlarda oyunumuzda inkişaf var. İntizamlı oynayırıq. Bu da bizi sevindirir. Qarşıda çempionat oyunumuz var. Ona hazırlaşırıq. Məqsədimiz Premyer Liqada qalmaqdır. “Şamaxı” ilə matç bizim üçün 6 xallıq final oyunudur. “Səbail” ailəsi olaraq bunun fərqindəyik. Xallar yığaraq liqada qalmaq istəyirik”.


