“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində “Aberdin”ə (Şotlandiya) qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransı bunları söyləyib:
“Futbolçuları təbrik etmək istəyirəm. Bəzi səbəblərə görə qələbəyə söz verməsəm də, yaxşı oyun göstərməyə çalışacağımızı söyləmişdim. Sona yaxın rəqibi meydanın özümüzə aid olan hissəsində qəbul edirdik. Amma bütövlükdə oyun ərzində topa nəzarət bizdə idi.
Rəqibin standart vəziyyətlərdə təhlükəli olmasından əvvəlcədən xəbardar idik. “Aberdin” uzun toplardan çox istifadə edir. Buna hazırlaşmışdıq. Fiziki cəhətdən möhkəm rəqibdir. Cütün taleyi cavab görüşündə həll ediləcək. Yaxşı komandaya qarşı səfərdə daha çox güc sərf etməliyik. Azarkeşlərə təşəkkür etməmək düzgün olmaz. Çox istərdim ki, bu azarkeşlər səfərdə də bizimlə olsunlar.
Görüş ərzində mən də bir qədər aqressiv idim. Oyunda səbr çox vacibdir. Futbolçuları diqqətli olmağa çağırırdım.
Meydan amili barədə nə isə demək çətindir. “Aberdin” fiziki cəhətdən güclüdür, uzun toplardan istifadə edir. Amma topla oynamağı da xoşlayırlar. Ot örtüyü hər iki komandaya maneə törətdi. Səfərdə də meydanın durumu hər iki tərəf üçün eyni olacaq. Biz qalib gəlmişik. Meydana uyğun oyun qurmuşduq. Hər il bu vaxtlar ot örtüyü ilə əlaqədar problem olur. Cavab matçından sonra xeyli fasilə yaranacaq. Bundan sonra meydanın durumu yaxşılığa doğru getməlidir. Problemlə üzləşsək, hər hansı dəyişikliyi düşünmək olar”.


