“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 14-cü turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 2:1 hesabıyla qalib gəldikləri səfər matçından sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Nəticəni bir yana qoysaq, çox yaxşı oyun getdi. Azarkeşlər üçün maraqlı, dinamik oyun oldu. Bizim səhvlərimiz çox idi. Xüsusən də, ilk hissədə. Bunu da normal qəbul edirəm. Uzun fasilədən sonra kollektivin hazırlığı fərqli olur. Futbolçularda yorğunluq var idi, bəziləri öz idman formasından uzaqlaşmışdı. Bu cür rəqibə qarşı oynamaq bizim üçün həmişə çox xoşdur. “Sabah” meydanda nə etdiyini bilən, dinamik, sürətli futbol oynayan və sürətli futbolçuları olan komandadır. Bəlkə də, bu gün “Sabah” uduzmağa layiq deyildi. Amma biz vacib üç xal qazandıq. Onlara uğurlar arzulayıram. Bu komanda get-gedə daha təhlükəli olacaq. Bunu bu gün tam hiss etdik. Futbolçularım çox əziyyət çəkdi. Stadionda olan bütün azarkeşlərə təşəkkür edirəm.
Patrik Andrade tədricən özünə qayıdır. Çox irəliləyiş qət edib. Patrik və Leandro Andrade dünən günorta saatlarında Bakıya çatmışdılar. Komanda ilə heç məşq də etməmişdilər, 24 saat yolda olublar. Bilirsiniz, onların Esvatini ilə oyunları noyabrın 21-də idi. İnanın ki, onları meydana buraxaraq risk də etmək istəmirdim. Amma lazım idi. Oyunun gedişatına görə lazım gəldi. Patrik son vaxtlar çox yaxşı proqram üzrə çalışır və bütün məşqlərdə ən yaxşılardan biridir. Patrik qayıdıb. Qarşıdakı matçlarda Patrik Andrade, Marko Yankoviç, Riçard Almeyda, Julio Romao, hamısından oyuna görə istifadə edəcəyik”.
“Sabah”la “Molde” tam fərqli sistemdə oynayırlar”
“Sabah”la matçın Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları Norveç “Molde”si ilə oyundan öncəki faydasına toxunan Qurban Qurbanov, bu ölkəyə matçdan bir gün öncə yollanmalarının səbəbini də izah edib:
“Bu matçın “Molde” ilə oyundan öncə bizə faydası mütləq olacaq. Sadəcə, “Sabah”la “Molde” tam fərqli sistemdə oynayan komandalardır. İnanıram ki, bu oyunda etdiyimiz səhvləri “Molde” ilə oyuna qədər aradan qaldıracağıq. Çünki “Molde” evdə oynayır, mütləq qalib gəlməlidir. Ola bilsin ki, çox pressinq etdilər. Bunlara hazır olmalıyıq. Bütövlükdə, mənim üçün ən vacib məqamlardan biri futbolçularımın əvvəlki formasını geri qaytarmasıdır. Bu görüşün faydası çox oldu. Futbolçular da gördülər ki, öz idman formalarından uzaqlaşıblar. Biz də çatışmazlıqlarımızı gördük. İnanıram ki, bu oyunun ancaq faydası oldu. Futbolçularla danışılası, məşq prosesində diqqət ayırası çox elementlər oldu.
“Molde” ilə altı gün sonra oynayacağıq. Əvvəlki proqramımız oyundan iki gün öncə Norveçə getmək idi. Sonra dəyişdik, bir gün öncə ora getməyi planlaşdırdıq. Ayın 27 və 28-dəki məşqlərimiz çox vacibdir. Norveçə yol uzundur. Ümumiyyətlə, iki gün əvvəl proqram tutanda, səhər məşq edirik və sonra səfərə çıxırıq. Amma altı gün vaxtımız olduğuna görə, istədik ki, məşqlərimizi burada edək. Oyunöncəsi bir o qədər də məşqimiz olmayacaq. Əksinə, oyun günü səhər məşq edəcəyik. Üç saat fərqimiz var, Norveçdə də hava çox soyuqdur. Futbolçuları həm fiziki, həm də psixoloji olaraq çox yormaq istəmədik. Bəzən belə proqramlarımız olub, bu cür addımlar atmışıq”.
“Süni örtüklü meydan daha çox bizə mane ola bilər”
Baş məşqçi Julio Romanın qarşıdakı oyunda komandaya kömək edə bilməməsindən də söz açıb: “Onun yoxluğu təsirini göstərəcək. Bu elə oyundur ki, istənilən dəyişikliklər vacibdir, həm də, əsas heyətin oyunçularının iştirakı vacibdir. Onun olmaması təsir edə bilər. Allah qoysa, digər futbolçularıma oyuna qədər bir şey olmaz. Patrik Andrade və Riçard Almeydanın təcrübəsi var. Tələblərimizi də bildiklərinə görə, inanıram ki, Romaonun yoxluğunun bir o qədər təsiri olmayacaq. Amma ümumi oyunun gedişatına baxsaq, matçın gedişində hansısa dəyişiklik etmək istəyə bilərik. Məhz bu mənada, Romaonun olmamasını böyük itki kimi adlandırmaq olar.
“Molde” neçə illərdir ki, öz oyun stilində oynayır və onu dəyişmir. Onu da çox yaxşı icra edirlər. Sabit heyəti və oyunu var. Öz meydanında da çox fərqli və dinamik futbol nümayiş etdirir. Meydan amili də var. Süni örtüklü meydan daha çox bizə mane ola bilər. Çünki “Molde” illərdir, bu cür meydanda oynayır. Hava şəraiti də var. Amma bunları o qədər də düşünmürük. Bir oyunluq bu məqamlar bir o qədər də təsir etməli deyil”.


