Qurban Qurbanov: “Sabah istənilən təzyiqə hazır olmalıyıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-offunda Zaqreb “Dinamo”su ilə cavab görüşündən öncə fikirlərini bölüşüb.

Arena.az xatırladır ki, Azərbaycan və Xorvatiya çempionları arasında Zaqrebdə keçirilmiş ilk oyunda təmsilçimiz 0:3 hesabıyla məğlub olmuşdu.

Bu komandalar arasındakı cavab oyunu isə sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu gün cavab qarşılaşmasından öncə Ağdam klubunun baş məşqçisinin iştirakı ilə mətbuat konfransı keçirilib. Qurbanov əvvəlcə bunları söyləyib:

“Oyunun mahiyyəti bəllidir. Çox vacib oyundur. Hesabda geridə olsaq da, Çempionlar Liqasının əsas mərhələsində iştirak etmək böyük şansdır. Komanda pis hazırlaşmayıb. Hər şey qaydasındadır. Üç top fərqi ilə geridə olsaq da, inamımız böyükdür, hazırlığımız yaxşı keçib. Qələbə üçün hər şeyi etməyə çalışacağıq. İstərdik ki, azarkeşlərimiz oyunumuzdan razı qalsınlar. Əsl final matçı kimi hazırlaşmışıq. Rəqibimizi tanıyırıq, bilirik ki, ambissiyalı komandadır. Onların üstünlüyü bizdən çox görünə bilər. Amma hər bir halda komandama inanıram, güvənirəm. Sabah yaxşı nəticə üçün hər bir futbolçu karyerasının ən yaxşı oyununu oynamalıdır. Bunu da onlardan gözləyirəm.

Qarşımızda hesabda 3:0 öndə olan, böyük təcrübəyə malik “Dinamo” var. Sabah mütləq şəkildə rəqibə təzyiq etməliyik. Amma bunu ağıllı etmək lazımdır. Çünki səfərdə rəqibin əks-hücumlarda necə təhlükəli olduğunu gördük. Buna hazır olmalıyıq. Onlar da buna hazırlaşıb. Açıqlamalarından bunu görürəm. Tam əksi də ola bilər. Yəni rəqib də bizə təzyiq göstərə bilər. Bunların hamısına hazır olmalı, istənilən təzyiqə dözməliyik. Ağıllı və cəsarətli olmalıyıq. Səfərdə xeyli qol epizodumuz oldu, dəyərləndirə bilmədik. “Dinamo”nun qapıçısı da yaxşı oynadı. Görünən odur ki, daha səliqəli, daha dəqiq oynamağa çalışmalıyıq”.

Təcrübəli mütəxəssis penaltilərə də hazır olduqlarını söyləyib:

“Hər bir mübarizəyə hazırıq. Azarkeşlər bizə güvənirsə, bizdən qələbə gözləyirlərsə, biz də nəinki 90 dəqiqə, 120 dəqiqə meydanda vuruşmağa hazırıq. Penaltilər sonranın işidir. Əsas ilk 90 dəqiqədə çalışacağıq ki, intizamlı oyun göstərək və nəticə qazanaq. Çox istəyərdik ki, hər şey 90 dəqiqədə həll olunsun”.

“Sabah məğlub olmaq istəmirik”

Qurbanov cavab matçında qeydə alınacaq mümkün məğlubiyyəti faciə saymayacağını söyləyib:

“Hər məğlubiyyəti faciə kimi düşünəcəyiksə, bu sahədə işləməyə dəyməz. Çünki idmanda qələbə, məğlubiyyət, bərabərlik olur. Bunlara hazır olmalıyıq. Biz ümumi işimizə dəyər verməliyik. Bir şeyə əmin olmuşam ki, biz hər oyuna çox məsuliyyətlə yanaşmışıq. Geridə nəsə alınmayıbsa, məsuliyyətsizlikdən bir şey olmayıb. Sadəcə, burada rəqibin üstünlüyü və ya hansısa digər detallar olub. Hər bir halda, məğlub oluruqsa, nəticə çıxarırıq. Sabah qalib gəlmək istəyirik, məğlub olmaq istəmirik”.

Baş məşqçi zədəli futbolçuların durumundan da söz açıb: “Marko Veşoviçdə durum pis deyil. Srağagün komandaya qoşulub. Bu gün də komanda ilə məşq etməldiir. Sabah həkim nəzarətindən sonra ən azından 23-lükdə ola bilər. Marko Yankoviç isə fərdi məşq edir”.

Qurban Qurbanov transfer çalışmalarının bitmədiyini də vurğulayıb: “Axtarışlar gedir. Müddət azdır. Azad agent statusunda olan futbolçuları gətirmək problem olmur. Belə olarsa, axtarışları davam etdirəcəyik və yox deməyəcəyik. Ehtiyac var. Ən pis halda, əlimizdəki futbolçular yetəri qədərdir”.

“Hədəfimiz Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməkdir”

“Qarabağ”ın müdafiəçii Bəhlul Musatafazadə də matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. 27 yaşlı futbolçunun fikirlərini diqqətinizə çatdırırıq:

“Sabah bizi gərgin və maraqlı oyun gözləyir. Ümidliyik. Hədəfimiz Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməkdir. Oyuna yaxşı hazırlaşmışıq. Sabah hər şeyi edəcəyik ki, mərhələni keçək.

İlk oyundan sonrakı tənqidləri normal qarşılayırıq. Qol buraxırıqsa, müdafiənin də səhvi var. Çalışırıq ki, səhvləri təhlil edib, nəticə çıxaraq. Bunun təzyiq yaratdığını düşünmürəm. Çünki bu da futbolun bir parçasıdır. Əsas odur ki, həmin səhvlərdən nəticə çıxaraq və növbəti oyunlarda təkrarlamayq. Artıq bir neçə turdur ki, Çempionlar Liqasında oynayırıq. Sakitik. Təcrübəmiz var. Hər kəs sakitdir, hamı inanır. Ən önəmlisi də, daha sakit olmaqdır. Özüm də yaxşıyam. Daha yaxşı oyun göstərməyə çalışacağıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: