Qurban Qurbanov: “Sabah”ın məşqçisi bizə qarşı ədəbsizlik etdi”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 22-ci turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 3:3.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox maraqlı oyun alındı. Stadionda gözəl atmosfer var idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Azarkeşlərin görmək istədiyi kimi matç oldu. Rəqibin hücum xətti çox güclüdür. Futbol elə səviyyəyə çatıb ki, belə hesab hər oyunda baş verə bilər. Futbolun sevilən tərəfi ondadır ki, bəzən düşünmədiyin hallar ilə üzləşirsən. Məni narahat edən futbolçularımın bərpasıdır. Çox gərgin qrafikdə oynayırdıq. “Nyukasl”la görüşdən sonra belə bir matç oldu. 3 gün sonra kubok, sonra yenidən çempionat oyunu olacaq.

Bəzən elə oyunlar olur ki, heç kim onun bitməsini istəmir. Belə bir matçda, bu qədər oyunun dayandığı görüşdə 6 dəqiqənin əlavə edilməsi məncə, az idi.

Oyundan sonra sevinənlər də, narazı qalanlar da var idi. Futbolçularımdan razı qaldım, xarakter göstərdilər. Xaraktersiz bir nəticə əldə edə bilmərik. Məcbur deyilik ki, hər il çempion olaq. Futbolda belə termin yoxdur. Biz sonadək mübarizə aparacağıq. Biz bu gün “Sabah”ın gücünü daha yaxşı bildik. Qalib gəlmək istəyiriksə, bundan daha yaxşı oynamalıyıq.

Çempionatımız maraqlı keçir. Qarşıda yüngül rotasiyalar edərək futbolçuları tam hazır vəziyyətə gətirəcəyik.

Rəqibin köməkçi məşqçisi bizə qarşı ədəbsizlik etdi. Danışığımız da bu yöndə idi. Bildirdim ki, bizim bütün heyətdən buna görə üzr istəmək lazımdır. Valdas Dambrauskas da dedi ki, məşqçinin əvəzinə mən hamınızdan üzr istəyirəm”.