Qurban Qurbanov: “Sevilya” Juninyoya görə rəsmi təklif göndərib”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 3-cü turundan təxirə salınmış “Şamaxı” ilə oyunu şərh edib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Gərgin oyun oldu. Son saniyələrdə qələbə qolunu vurduq. Məğlub ola da bilərdik. Rəqib çox ağıllı müdafiə olundu, təhlükəli əks-hücumlara çıxırdı. Hətta qol da vurdular. Çox vacib 3 xal qazandıq. Ayxan Abbasovun komandasına qarşı oynamaq heç vaxt asan olmayıb.

Leroy Mikels çox yaxşı futbolçudur. Bəzi oyunçularda olmayan keyfiyyətləri var. Ən çox ehtiyatlandığımız futbolçulardan biridir. Amma hər oyunçunun istənilən komandada oyununun alınması da sual atlındadır.

Həmişə ilin sonuna yaxın futbolçuların zədələnməsindən ehtiyatlanmışam. Amma təəssüf ki, bir neçə futbolçumuz zədələndi. Buna baxmayaraq, liderliyi qoruyub-saxlaya bildik. Bu il qış çempionluğu əvvəlki mövsümlərə baxanda daha çətin oldu”.

Qurban Qurbanov Olavio Juninyonun İspaniyanın “Sevilya” klubundan rəsmi təklif aldığını da təsdiqləyib:

“Juninyo bu gün hazır olmadığına görə oynamadı. Özü dedi ki, neçə gündür transfer söhbətlərinə görə az yatıram, oyuna hazır deyiləm. Ona səmimiliyinə görə təşəkkür etdim. Komandadan gedən hər oyunçu mənim üçün problem yaradır. Çünki yeni gələnlərin uyğunlaşması vaxt tələb edir. Bu, işimə mane olur. Amma “Sevilya” kimi klubdan rəsmi təklifin gəlməsi xoşdur. Klubla danışıqlar gedir. Burada klubun da marağı olmalıdır. Artıq Avropa bazarına çıxmışıq. “Böyük beşlik” ölkələrindən təklif gəlməsi irəliyə doğru addımdır. Bundan sonra bizə, çempionatımıza diqqət çox olacaq. Azərbaycan futbolunun Avropa bazarında olması ölkə futbolu üçün böyük addımdır. Biz buna hazır olmalıyıq. Özünün də istəyi var. Başqa çempionatlardan təklif gələndə Juninyonun özünün çox da marağı olmurdu. İndi deyir ki, təklif gələndən sonra sevincimdən yata bilmirdim. Futbolçu getmək istəyir. Bildirib ki, klub anlaşsa, sevə-sevə gedərəm”.

Ayxan Abbasov: “Cəlal Hüseynovun keçidini demək olar, həll etmişik”

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov isə komandasının növbəti məğlubiyyətinə belə şərh verib:

“Üzücü məğlubiyyət oldu. Son dəqiqələrdə təəssüf ki, qol buraxdıq. Futbolçularım xarakter göstərdilər, vuruşdular. Epizodlardan daha yaxşı istifadə etsəydik, xal qazana bilərdik. Üç gündən-bir oynayırıq. Heyətimiz geniş deyil. Sayılmayan qolumuzda ofsayd xətti müəmmalı qaldı. Məncə, şübhəli məqamdır. Mənə görə ofsayd yox idi. Davam edəcəyik, qarşıdakı oyuna hazırlaşacağıq”.

Ayxan Abbasov Bolqarıstanın “Arda” klubunda çıxış edən Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun icarəyə götürüldüyünü də açıqlayıb:

“Cəlal transferini demək olar ki, bitirmişik. Tanıdığımız futboçudur. Axtarışlarımız davam edir. Yerli oyunçu gətirmək çətindir, klublar buraxmır. Daha çox legioner transferlərinə köklənmişik. Ayrılan oyunçuların yerini mütləq doldurmalıyıq.

Leroy Mikelsi 2 ildir izləyirdim, əvvəlki klubuma transfer etmək istəmişdim. Potensilalı olan futbolçudur. Bizimlə müqaviləsi var. Əgər təklif gəlsə, bəlkə fikirləşərik. Amma yaya kimi heç kimi buraxmaq fikrində deyilik. Bu oyunçuları Azərbaycan futboluna qazandırmaq məni sevindirir”.