“Qarabağ”ın baş məqşçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda “Styaua”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı Bakıda baş tutan və 2:3 hesabı ilə məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu mövsüm Avropa Liqasında evdəki son matçımız idi. Bütün oyunlarda bizlərlə olduğunuz üçün təşəkkür edirəm. Azarkeşlərə də təşəkkürümü bildirirəm. Şanslarımız az olsa da, bizə inandılar, güvəndilər. Haqları da var idi. Çünki son dəqiqələrdə yaxşı nəticələr əldə etdiyimiz çox oyun olub. Bu oyuna gəldikdə, danışacaq çox şey yoxdur. Bəzən futbolun düşünmədiyin anları olur. Bu gün də onu gördük. Üç künc zərbəsi, üç qol. Son saniyələrdə dördüncü korneri vurdular. Rəqibi təbrik edirəm. Çox istəkli idilər. Buz də qalib gələ bilərdik. Görünür hardasa yenə də səhvlərimiz var. Ümumən, komandam çox əziyyət çəkdi. Bütün oyunlarda belə idi. Bu mövsüm ən uğursuz seriyamız oldu. Hansı ki, məğlub olmamalı oyunlarda uduzduq”.
Qurban Qurbanov Braziliyanın “Flamenqo” klubuna satılmış Olavio Juninyonun yoxluğundan və heyətə yeni oyunçular cəlb olunmasından da danışıb:
“Avropanın böyük klublarında da 3 illik, 5 illik heyət formalaşdırılır. 3-4 ildən sonra eniş olur. Futbolda gördüklərimiz belədir. Böyük klubların iş prinsiplərini də analiz edirik. Baxırıq ki, nə vaxt uğursuz olmağa başlayır. Heyətə baxsaq, 3-4 futbolçunu sadəcə 23-lüyə salmışdıq. Onların üstün keyfiyyətlərindən istifadə edək deyə, salmamışdıq. Juninyo kimi futbolçuların olanda da uduzursan. O da qol epizodlarını qaçırırdı. Bundan əvvəlki oyunlarda görmüşük. Aleksey Kaşukun epizoduna gəldikdə, maksimum sürətli hücum idi. Onun orada olması çox vacib idi. Əsas odur. Qarşıdakı oyunlarda belə epizodlarda inanıram ki, Kaşuk daha yaxşı istifadə edəcək. Potensialı var. Gücləndirməyə gəldikdə, mütləq komandaya bir neçə yeni oyunçu dəvət etməyi fikirləşirik. Təəssüf ki, qışda çətindir. Qarşıdakı aylarda işimizi aktivləşdirəcəyik”.
“Qurban Qurbanova və komandasına böyük hörmətim var”
“Styaua”nın baş məşqçisi Elias Xaralambus isə komandasının qələbəsini belə şərh edib:
“Çox sevinirəm, oyunçularımla fəxr edirəm. Vacib üç xal qazandıq, gözəl oynadıq. Çox çətin olacağını bilirdik. Həqiqətən belə oldu. Əziyyət çəkdik. Amma əziyyətimizin bəhrəsini gördük. Futbolda bəzən bəxt amili də əhəmiyyətlidir. Bu gün bir az bəxtimiz də gətirdi. İlk dəqiqədə qol buraxmaq çətin idi. “Qarabağ” çox pressinq edirdi. Üçüncü qol gəldikdən sonra qələbəni qazandıq.
“Qarabağ”ı araşdırmışdıq. Çətin oyun oldu, əziyyət çəkdik. Avropadakı oyun stili budur, əziyyət çəkilir. “Qarabağ” güclü komandadır. Hər bir rəqibə qarşı hücumameyilli, güclü və sərt oyun göstərir. Qurban Qurbanova və komandasına böyük hörmətim var”.