Qurban Qurbanov üçün 10-cu, “Qarabağ” üçün 11-ci çempionluq

Uzun illərdir “Qarabağ”ı çalışdıran Qurban Qurbanov baş məşqçi kimi 10-cu dəfə Azərbaycan çempionu tituluna yiyələnib.

Arena.az xəbər verir ki, bütün bu titulları “Qarabağ”ın “sükanı arxası”nda qazanan 52 yaşlı mütəxəssis özünün sahib olduğu rekordu yeniləyib.

O, bu çempionluqları son 11 ildə qazanıb. 10-cu – yubiley zəfər Azərbaycan Premyer Liqasının 28-ci turunun “Kəpəz”lə səfər oyununda (6:1) əldə olunub.

Qurbanov bunadək 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022, 2022/2023 mövsümlərində də “Qarabağ”ın çempionluğunun memarı olub.

İkinci sıradakı Ağasəlim Mircavadovun 5 çempionluğu var: 1993, 1999/2000, 2000/2001, 2004/2005, 2006/2007. Kazbek Tuayev (1993/1994, 1995/1996, 1996/1997, 2003/2004) dörd, Mehman Allahverdiyev (1994/1995, 1997/1998, 1998/1999) və Böyükağa Hacıyev (2005/2006, 2011/2012, 2012/2013) hərəyə üç dəfə çempionluq sevinci yaşayıblar.

Belə uğuru olan 11 məşqçidən altısı yalnız bir dəfə qızıl medala yiyələnib. Əhməd Ələsgərov 1992, Valentin Xodukin 2007/2008, Qyoko Hacıyevski 2008/2009, Kaxaber Sxadadze 2009/2010, Arif Əsədov 2010/2011 və Samir Abasov 2020/2021 mövsümündə buna nail olub.

Ən erkən çempion!

Yeri gəlmişkən, “Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb. Ağdam klubu ən erkən çempionluğu qazanıb.

Qurban Qurbanovun yetirmələri 2023/24 mövsümünün çempionu adını28-ci turda təmin edib. “Qarabağ” sona 8 tur qalmış qızıl medala sahib çıxıb.

Əvvəlki rekord da ağdamlılara məxsus idi. 2015/2016 və 2017/2018 mövsümlərində sona 4 tur qalmış çempionluğu təmin edən klub bu rekordu ikiqat üstələyib.

Ardıcıl 3-cü, tarixdə 11-ci çempionluq

İzləyiciləri üçün əlçatmaz olan Ağdam klubu ardıcıl 3-cü, tarixində 11-ci dəfə Azərbaycan çempionu olub. “Qarabağ” həm də son 11 ildə 10-cu qızıl medala yiyələnib.

Xatırladaq ki, ümumilikdə 8 komanda bu titula sahib çıxıb. “Qarabağ”dan başqa, “Neftçi” 9, “Kəpəz” 3, “Şəmkir”, “Bakı”, “İnter” (indiki “Şamaxı”) hərəyə 2, “Turan” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə ölkənin ən güclüsü olub.

Azərbaycan çempionları:

  1. “Neftçi” (Bakı)
  2. “Qarabağ” (Ağdam)

1993/94. “Turan” (Tovuz)

1994/95. “Kəpəz” (Gəncə)

1995/96. “Neftçi” (Bakı)

1996/97. “Neftçi” (Bakı)

1997/98. “Kəpəz” (Gəncə)

1998/99. “Kəpəz” (Gəncə)

1999/2000. “Şəmkir”

2000/01. “Şəmkir”

2001/02. Yarımçıq qalıb

2002/03. Keçirilməyib

2003/04. “Neftçi” (Bakı)

2004/05. “Neftçi” (Bakı)

2005/06. “Bakı”

2006/07. “Xəzər Lənkəran”

2007/08. “İnter” (Bakı)

2008/09. “Bakı”

2009/10. “İnter” (Bakı)

2010/11. “Neftçi” (Bakı)

2011/12. “Neftçi” (Bakı)

2012/13. “Neftçi” (Bakı)

2013/14. “Qarabağ” (Ağdam)

2014/15. “Qarabağ” (Ağdam)

2015/16. “Qarabağ” (Ağdam)

2016/17. “Qarabağ” (Ağdam)

2017/18. “Qarabağ” (Ağdam)

2018/19. “Qarabağ” (Ağdam)

2019/20. “Qarabağ” (Ağdam)

2020/21. “Neftçi” (Bakı)

2021/22. “Qarabağ” (Ağdam)

2022/23. “Qarabağ” (Ağdam)

2023/24. “Qarabağ” (Ağdam)