Qurban Qurbanov və Şahin Diniyevdən darmadağın şərhi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 26-cı turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Çox vacib üç xal qazandıq. Oyundan razı qaldım. Topla tez və dinamik rəftar etdik. Bu, çox vacib idi. Hücumda olmağımıza baxmayaraq, müdafiədə də diqqətli oynadıq. Düşünürəm ki, yaxşı oyun keçdi. Şahin Diniyevə uğurlar arzu edirəm.

Asan qələbə qazandığımızı düşünmürəm. “Səbail”i başa düşmək olar. Sonuncu yerdə olduqları üçün ehtiyatlı davranırdılar. Onlar “Sabah”ı kubokdan uzaqlaşdırıb. Hər bir komandanın istənilən rəqibi məğlub etmək imkanı var. Futbol elə səviyyədədir ki, istənilən komanda müqavimət göstərə bilər”.

Milli komanda ilə bağlı da fikirlərini bölüşən Qurban Qurbanov özlərini hələ çempion hesab etmədiklərini bildirib:

“Qarşıda hələ 10 oyun var. Bu isə 30 xal deməkdir. Gərgin oyunlar bizi gözləyir. İstənilən oyunda xal itirə bilərik. Bəli, biz çempion olmaq istəyirik. Amma hələ heç nə məlum deyil.

Milli komandamıza uğurlar arzu edirəm. Hər zaman inamlı olmalıyıq. Futbolçuların hər birinin təcrübəsi var. Rəqiblərə real baxmalıyıq. Öz komandamdan hansı futbolçuların millidə çıxış etməsi mənim seçimimə bağlı deyil. Ümumiyyətlə, ölkə futbolunun daha yaxşı olması üçün çempionat yüksək səviyyədə olmalıdır. Hər bir halda, çox istəyərdim ki, özümüz daxil bütün komandalar səviyyələrini yaxşılaşdırsın”.

Ağdam təmsilçisinin çalışdırıcısı Türkiyənin “Beşiktaş” klubundan xeyriyyə matçı keçirməklə bağlı təklif almadıqlarını da bildirib: “Beşiktaş”la heç bir danışıq olmayıb. Amma hamı istəyər ki, yardımla əlaqədar olaraq yoldaşlıq matçı keçirilsin”.

Şahin Diniyev: “Məğlub olduqca toparlanmaq daha da çətinləşir”

“Səbail”in baş məşqçisi Şahin Diniyev isə ağır məğlubiyyətdən sonra bunları söyləyib:

“Danışmaq çətindir. Axırıncı yerdə olan komanda ilə birinci yerdə olan komanda oynayırdı. Fərq görünürdü. “Qarabağ”ı təbrik edirəm. Layiqli qələbə qazandılar.

Topa nəzarət etməkdə problemlər yaşadıq. Cinah hücumlarının qarşısını almağa çalışırdıq. Futbolçuların qorxu altında oynaması məni narahat etdi. Futbolda üç nəticə olur. Oynamayıb qələbə qazanmaq, tam başqa bir şeydir. Dörd qol epizodumuz oldu. Onlardan birini düzgün yerinə yetirsəydik, fərqli cür ola bilərdi. Ancaq ruhdan düşmürük. İkinci hissədəki oyunumuzu növbəti matçlarda da sərgiləsək, layiqli pillədə ola bilərik. Zədədən əziyyət çəkən futbolçularımız qayıtsa, daha yaxşı olacağıq.

Komandada psixoloji gərginlik yüksək səviyyədədir. Hər dəfə məğlub olduqca toparlanmaq daha da çətinləşir. Qrup və fərdi halda söhbətlərimiz olur. Asan qollar buraxırıq. Məni narahat edən budur. Amma hazırkı durumdan tezliklə çıxacağıq.

Həyatda öz prinsiplərim var və mən onlara söykənirəm. Bütün işlər çətinliklə olursa, deməli, sən düzgün yoldasan. Mənə elə gəlir ki, Emil Balayev keyfiyyət və təcrübə baxımından millidə çıxış edə bilər. Mən tam başqa yolu seçmişəm. Gəminin kapitanı mənəm. O cəhətdən özümə və komandama inanıram. Çox əziyyət çəkirəm. Bunu oyunçuların yanında hiss etdirməməyə çalışıram”.

Xəbəri sosial şəbəkələrdə paylaş: