Qurban Qurbanov və Tahir Gözəl püşkü dəyərləndirdilər

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 final mərhələsinin püşkatmasının nəticəsini şərh edib.

Arena.az xəbər verir ki, Ağdam klubu tarixində ilk dəfə vəsiqə qazandığı bu mərhələdə Almaniya “Bayer”i ilə üz-üzə gələcək.

Almaniya Bundesliqasının hazırkı lideri, 32 oyundur məğlubiyyət tanımayan Leverkuzen təmsilçisi Avropa Liqasının qrup mərhələsində də “Qarabağ”ın rəqibi olmuşdu. Həmin oyunlarda təmsilçimiz səfərdə 1:5, evdə 0:1 hesabıyla məğlub olmuşdu.

Qurban Qurbanov yenidən belə güclü komandaya rəqib olmaları ilə bağlı klubun rəsmi saytına açıqlama verib:

“Avropa Liqasının 1/8 final mərhələsinin püşkü maraqlı nəticə ilə yekunlaşdı. “Qarabağ”a hamının Bundesliqa və avrokuboklardan yaxşı tanıdığı “Bayer” rəqib oldu. Azarkeşlərimiz bu komandanı qrup mərhələsində canlı görmüşdülər. Yenə bu komanda ilə rəqib olduq. “Bayer” Avropanın ən yaxşı, sabit çıxış edən komandalarından biridir.

Mən bu klubun düşərgəsində oldum, iş prinsipləri ilə maraqlandım. Çox ciddi komanda yaradıblar. İstəkli, uduzmağı xoşlamayan baş məşqçiləri var. Məncə, maraqlı oyun olacaq. Baxmayaraq ki, güclü rəqibdir. Leverkuzendə Xabi Alonso ilə diskussiyamız, maraqlı fikirlərimiz oldu. “Bayer”lə görüşlər bizim üçün böyük təcrübədir. Meydana azarkeşlərimiz üçün yaxşı mübarizə aparacaq komanda çıxarmağa çalışacağıq ki, baxımlı futbol oynayaq və yaxşı nəticə əldə edək. Belə böyük komandaların Bakıya gəlməsi Azərbaycanda futbolun sevilməsi üçün səbəb, hamı üçün böyük təcrübədir”.

“Çalışacağıq ki, Avropanı, UEFA-nı təəccübləndirək”

Yeri gəlmişkən, “Qarabağ”ın prezidenti Tahir Gözəl də püşkü dəyərləndirib. Püşkatma mərasimində iştirak etmiş klub rəhbəri bunları dilə gətirib:

“Avropa Liqasının 1/8 final mərhələsinin püşkatmasının keçirildiyi UEFA-nın mənzil-qərargahında bizə çox isti münasibət göstərdilər. Ardıcıl ikinci dəfə püşkatmada iştirak edirəm. 1/8 finala yüksəldikdən sonra pley-offun püşkatmasından daha fərqli münasibət gördük. Qurumun baş katibinin müavini Corco Markettinin və tədbirin bütün aparıcılarının “Qarabağ” haqda xüsusi danışması, komandamızın 1/8 finala möhtəşəm mübarizə ilə yüksəldiyini vurğulaması məni qürurlandırdı. İrlandiyanın paytaxtı Dublində keçiriləcək final oyununun səfiri, “Mançester Yunayted”in əfsanələrindən olan Con Oşi özü də bunu xüsusi qeyd etdi. Biz “Braqa” səddini keçməklə bütün Avropanı təəccübləndirdik. Hamı “Qarabağ”a ehtiramla, heyranlıqla yanaşır. “Qarabağ” sözünün, Azərbaycan bayrağının bu səviyyədə tanınması göstərir ki, klubumuzda böyük iş görülüb. Mən bir azərbaycanlı kimi fəxr edirəm ki, bu mərhələyə qədər irəliləmişik. 1/8 finalda ən yaxşılar oynayır. Avropada 1000-dən çox klub var və biz Avropa Liqasının 16 ən yaxşısı arasına düşmüşük. Bunun özü tarixi nailiyyətdir. Mən xalqımızı və Ali Baş Komandanımızı təbrik edirəm.

Son ana qədər ümid edirdim ki, rəqibimiz “Slaviya” (Praqa, Çexiya) olacaq. Ancaq “Bayer”lə qarşılaşacağıq. “Bayer” çox güclü bir rəqibdir. Rekordlar qıran yenilməz komandadır. Xüsusilə də bu mövsüm ən üst səviyyədə oyun nümayiş etdirirlər. Əlbəttə, çətin oyun olacaq. Amma ən azından biz onları tanıyırıq və təcrübəmiz var. “Qarabağ”ın dünənki möhtəşəm qələbəsi bizi ruhlandırıb. Güman edirəm ki, ən yüksək səviyyədə oynayacağıq. Çalışacağıq ki, Avropanı, UEFA-nı təəccübləndirək”.

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 7-də, cavab görüşləri isə martın 14-də olacaq. “Qarabağ” ilk oyunu evdə, cavab görüşünü səfərdə keçirəcək.