Qurban Qurbanov və Vasili Berezutskidən 1:1-ə şərh

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 16-cı turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 1:1 hesablı heç-heçədən sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularıma təşəkkür edirəm. Son dəqiqələrdə tam istədiyim oyun oldu. Oyunu iki hissəyə bölərdim. İlk hissədə və ikinci hissənin əvvəlində temp aşağı idi. Rəqib də bunda böyük rol oynadı. İlk dəqiqələrdə fərqli oyun üslubu seçmişdilər. Bizim futbolçular da o tempə öyrəşdilər. İkinci hissədə azarkeşlər üçün daha maraqlı futbol oldu. Rəqibin hücum xətti çox bacarıqlıdır. Bu gün hər iki komanda qalib gələ bilərdi. Bəlkə də ədalətli nəticə bərabərlikdir. Ağır qrafikdəyik. Futbolçularda bir az yorğunluq hiss olunur. Buna görə “Qəbələ” ilə kubok matçında da heyətdə bəzi dəyişikliklər etmişdik. Futbolçulara görə bir az ehtiyatlanırıq. Kevin Medina fiziki cəhətdən ən hazırlıqlı oyunçularımızdan idi, amma 2 görüşdə 90 dəqiqə oynadı və əzələ problemi oldu. Avrokubok oyunlarında temp başqadır. Bu gün bəlkə də hücum xəttini gücləndirməli idim, amma Bədavini Bəhlulla əvəzlədim. Heç bir futbolçunu ritmdən salmaq istəmirik. Futbolçuların durumuna görə belə addım atmışdıq”.

Qurban Qurbanov rəqib həmkarı Vasili Berezutski barədə fikir bildirməyin tez olduğunu da vurğulayıb: “Mənim hər hansı fikir söyləməyim hələ tezdir. Onun meydandakı düşüncələrini görmək üçün qarşıdakı oyunları izləməliyik. Düzünü desəm, heyəti görəndə bir az təəccübləndim”.

“Qarabağ”ın baş məşqçisi Avropa Liqasının Liqa mərhələsində “Elfsborq”a qarşı keçirəcəkləri oyuna hazırlıqdan da söz açıb: “Futbolçuların hazır olması lazımdır. Bu rəqibi tam təhlil etdikdən sonra nəsə deyə bilərik. İki məşqimiz olacaq. Sırf onlarla matçın oyun planı üçün bu gün nəsə etmədik”.

“Heç-heçəni normal nəticə hesab edirəm”

“Sabah”ın baş məşqçisi Vasili Berezutski isə “Qarabağ”la heç-heçəyə belə şərh verib:

“Çox ağır oyun oldu. Heyətdə rotasiyalar etmişdik. Çünki, kubokda 120 dəqiqə ağır oyun keçirmişdik. Yorğunluğumuz ikinci hissədə öz təsirini göstərirdi. Buna baxmayaraq, əks-hücumda fürsətlərimiz oldu. Onlardan istifadə etmək olardı. Bizim üçün nəticə yaxşıdır. Heç-heçəni normal nəticə hesab edirəm. Hələ çox işləməliyik.

Birinci hissədə biz rəqibdən daha yaxşı oynadıq. “Qarabağ”ın hücum potensialının qarşısını aldıq. Amma ikinci yarıda alışdığımız “Qarabağ”ı görə bildik. Onlar daha sürətli oynayırdılar, daha hərəkətli idilər.

Futbolçuların potensialı avrokuboklara vəsiqə qazanmağa imkan verir. Bura gələndə vaxtımız az idi, 3-4 gündən bir oynayırdıq. Amma indi bir həftəlik vaxtımız var, normal hazırlaşa biləcəyik. Əlimizdən gələni edəcəyik ki, bizdən öndə olan komandalarla rəqabət aparaq”.