Qurban Qurbanov: “Xəzər Lənkəran”ın qayıtmasını çox istərdim”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 22-ci turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 3:3 hesabıyla başa çatmış oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlər üçün çox baxımlı oyun oldu. “Sabah”la həm bu, həm də bundan əvvəlki oyunumuz yaxşı alındı. Hər iki komanda üçün faydalı oyun olduğunu düşünürəm. Bu dəfə qarşımızda fərqli “Sabah” var idi. Oyun sistemində dəyişiklik etmişdilər. Ola bilər ki, bu, çətinlik yaradırdı, amma oyunu ələ almağa çalışırdıq. Rəqib sürətli oyunçularından istifadə edirdi. Hər iki komandaya təşəkkür düşür.

İdeal formada deyilik. Bu qədər qol buraxırıqsa, deməli, çatışmazlıqlar var. Rəqibin yaxşı düşünülmüş hücumları var idi. Komanda diqqətli oynayırdı. Burada tək müdafiə xəttini günahlandırmaq istəmirəm. Komanda şəklində bəzi çatışmazlıqlarımız var. Hücumda oynayırsansa, istər-istəməz boşluqlar buraxmalı olursan. Bizim qapımıza bu qədər penalti təyin edilməsini xatırlamıram. Uduzsaq da, daha çox topa sahib olmaq istəyirdik. Yaxşı qol epizodları var idi. Buraxılan qollardan hamılıqla fayda çıxaracağıq.

Andrey Lunyovun uzaqdan zərbələr zamanı topları götürə bilməməsi? Bu haqda fikir bildirmək istəmirəm. Baxımlı qollar idi. Hətta rəqibin üçüncü qolunu özüm alqışladım. Videotəkrara baxmaq lazımdır. Buna daha çox qapıçılar üzrə məşqçi baxacaq. Bəlkə düzgün mövqedə deyildi. Belə qollar olanda, qarşıdakı epizodlara daha ciddi hazırlaşırsan.

Müdafiənin mərkəzində çıxış edən oyunçularımızdan – Bəhlul Mustafazadə və Bədavi Hüseynovdan razıyam. Kevin Medina sağlam olsaydı, daha yaxşı olardı. Mərkəz müdafiə xətti elədir ki, orada yanılmalı deyilik. Daha diqqətli və dəqiq iş aparılmalıdır. Əlimizdəki futbolçulardan razıyam. Yaxınlarda Allah qoysa, Kevin də sıraya dönər”.

Baş məşqçi Toral Bayramovun “Qalatasaray”a keçəcəyi barədə yayılmış xəbərlərə də münasibət bildirib: “Hər şey elə sizin bildiklərinizdən ibarətdir. “Qalatasaray”ın direktoru da açıqlama vermişdi ki, heç bir futbolçumuzla maraqlanmırlar. Rəsmi təklif olsa, klublar arasında razılıq olarsa, hər şey mümkündür”.

“Braqa” ilə oyunlar tam fərqli olacaq”

Qurbanov avrokuboklardan fərqli olaraq, çempionat oyunlarına az azarkeş gəlməsinə dair sualı da cavablandırıb: “Deyəcək bir söz tapmıram. Çox istəyərdim ki, azarkeş sayı çox olsun. Futbolçular onda daha çox istəkli olur, daha baxımlı oyun gedir. Futbol azarkeşsiz bir o qədər maraqlı görünmür. Matç 10-15 min azarkeş qarşısında keçiriləndə, daha ajiotajlı görünür. Əfsuslar olsun ki, bunu edə bilmirik. Bilmirəm günahkar bizik, klubdur, yoxsa ümumi futbolumuzdur. Lakin azarkeşlərin gəlməsinə çox ehtiyac var. Bu, futbolun səviyyəsini çox aşağı salır. Futbolçu 10-15 min azarkeş qarşısında daim oynasa, o hər oyunda 10-15 faiz daha yaxşı oynayar, daha məusliyyətli olar. Mütləq nəsə bir yol tapılmalıdır. Futbol üçün nəsə düşünülməlidir ki, azarkeşlərimiz hansısa formada stadiona gəlsinlər. 10-15 il əvvəl daha çox azarkeş gəlirdi. Azarkeşlər sanki Azərbaycan çempionatından küsüblər. Premyer Liqamızın səviyyəsini qaldırmaq lazımdır. Rəqabəti yaxşılaşdırmaq lazımdır”.

Qurban Qurbanov “Xəzər Lənkəran”ın yenidən bərpa olunacağı haqda xəbərlərə də toxunub: “Bunu ancaq alqışlayıram. Lənkəranda oynamaq… Oradakı oyunlar başqa motivasiya ilə hazırlaşırdıq. 10-12 min azarkeş olurdu. Sanki avrokubok oyununa çıxırdıq. “Xəzər Lənkəran”ın yenidən qayıtmasını çox istəyərdim. Fikir varsa, alqışlayıram”.

“Qarabağ”ın çalışdırıcısı Azərbaycan yığmasının UEFA Millətlər Liqasının yeni mövsümündəki rəqibləri barədə danışmaq istəməyib: “O qədər yaxından maraqlanmıram. Millimizə uğurlar arzulayıram. Tanış rəqiblərə qarşı oynayanda bəzən bəzi oyunlar daha asan olur. Çünki rəqibin gücünü bilirsən. Bu dəqiqə ciddi olmayan rəqib yoxdur. Hər bir halda, milliyə uğurlar arzulayıb, inanmalıyıq”.

Qurbanov Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları Portuqaliya “Braqa”sı ilə oyunlara da toxunub:

“Braqa” ilə oyunlar tam fərqlidir. Futbolçuları belə oyunlara motivasiya etmək asandır. Bir həftə içərisində eyni rəqibə qarşı üç dəfə oynamaq yorucu olur. Amma inanmıram ki, bunun “Braqa” ilə oyuna təsiri olsun. Bəlli hazırlıq planımız var. Portuqaliyaya oyundan iki gün əvvəl gedəcəyik. “Braqa” topla sürətli olan, dinamik komandadır. İlk dəqiqələrdən oyunu ələ almağa və sürəti daim artırmağa çalışırlar. Buna uyğunlaşmağa və qarşısını almağa çalışacağıq. “Braqa” ilə hər iki matçın ən azından maraqlı olacağını deyə bilərəm. Bu gecə oyunları var. Əvvəlki oyunlarını da analiz edəcəyik”.

“Murad Musayevdən sonra futbolçulara daha çox sərbəstlik vermişik”

“Sabah”ın məşqçisi Ruslan Qafitullin isə matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Çox maraqlı oyun keçdi. Yenə dominant tərəf “Qarabağ” idi, biz də çalışırdıq ki, birinci və ikinci zonada onları qarşılayaq və əks-hücumlarda oynayaq. “Qarabağ”a qarşı oynamaq üçün 99 faiz azdır, 100 faiz etibarlı oynamaq lazımdır. Hücumda da, müdafiədə də.

Murad Musayevin gedişindən sonra nə dəyişib ki, “Qarabağ”a uduzmuruq? Daha çox futbolçularla psixoloji söhbətlər apardıq, onlara sərbətlik verdik. Bəlkə də, Murad Musayevin tələbkar olması uşaqlara təsir edirdi. Amma İqor Ponomaryov gördü ki, 1:7-dən sonra çətindir. Buna görə də onlara azadlıq verdi.

Sonuncu qoldakı səhvə baxmayaraq, Yusif İmanov yaxşı qapıçıdır. Bu gün çox yaxşı seyvləri oldu. Sadəcə, emosiyaları ilə bacarmadı. Futbolda belə də olur. Deməzdim ki, bu gün İmanova görə heç-heçə oynadıq. Siz də oyunu izləyirdiniz. Bizim də hardasa bəxtimiz gətirdi. “Qarabağ”ın epizodları oldu, istifadə edə bilmədi. Heç-heçə yaxşı nəticədir”.

Xəbəri sosial şəbəkələrdə paylaş: