Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün Almaniyaya səfərə yollanıb.
Arena.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Bundesliqanın lideri “Bayer”in düşərgəsində səfərdədir.
Azərbaycan çempionunun baş məşqçisi Leverkuzen təmsilçisinin hazırlıq prosesini izləyib.
Qurban Qurbanov “Bayer”in baş məşqçisi Xabi Alonso ilə də görüşüb.
Mütəxəssis səfərin məqsədini Ağdam klubunun rəsmi saytına açıqlayıb:
“Çoxdan idi ölkə xaricində belə tədbirdə olmamışdım. “Bayer”in oyun üslubu və uğurlu nəticələri məni çox cəlb etdi. Xabi Alonsonun iş prinsipləri çox maraqlı idi. O, zəngin futbolçu karyerası ərzində çox böyük məşqçilərin rəhbərliyi altında çıxış edib. İspaniyalı mütəxəssis məşqçi fəaliyyətində qısa müddətdə kifayət qədər uğur qazanmağa nail olub. Alonsonun özünün, vaxtilə onun oynadığı komandalarda çalışmış mütəxəssislərin iş prinsipləri ilə də maraqlanmaq istəyirdim”.
Qurbanov Almaniya səfərinin ilk gününü faydalı hesab edir:
“Bayer”in bugünkü məşqində iştirak etdim. Hazırlıq prosesindən sonra Alonso ilə görüşümüz oldu. Onun futbolçu və məşqçi karyerası, çalışdığı məşqçilər Pep Qvardiola, Karlo Ançelotti, Joze Mourinyo və digərləri ilə bağlı söhbət etdik. Futbolçu olduğu illərdə fərqli oyun fəlsəfələri olan mütəxəssislərlə çalışan ispaniyalı mənə onlar haqda geniş məlumat verdi. Həqiqətən çox faydalı görüş alındı”.
Xatırladaq ki, “Qarabağ” bu mövsüm Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Bayer” (Leverkuzen) komandası ilə eyni qrupda mübarizə aparıb. Azərbaycan çempionu bu rəqibinə səfərdə 1:5, doğma meydanda isə 0:1 hesabıyla uduzmuşdu. Buna baxmayaraq, “Bayer” qrupdan birinci, “Qarabağ” ikinci yerlə çıxmağı bacarmışdı.





