Qurban Qurbanov: “Xaricə getməklə vaxt itirmək istəmirik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Çox dinamik, səbirli oyunla yaxşı qalib gəldilər. Hər iki komandanın futbolçularına təşəkkür etmək istəyirəm. Mövsümün ilk yarısının son matçı olmasına baxmayaraq, azarkeşlər üçün çox sürətli, mübarizəli oyun göstərdilər. Tempi oyunboyu qoruyub saxlamaq asan deyil. Rəşad Sadıqov bu görüşə çox yaxşı hazırlaşmışdı. Bu, matçın ilk dəqiqələrindən görünürdü. Çox aqressiv, dinamik oynadılar, müdafiədə oturmadılar, üzərimizə gəldilər və bizim üçün asan olmadı. İkinci hissədə temp düşdü, “Zirə” qarşılaşmanın sonlarında üstünlüyü ələ aldı. Riskə də gedib hücumçuların sayını artırdı.

Futbolçular artıq bir neçə gün istirahət edə bilərlər. Onlar üçün darıxacağam. Futbolçuların mənim üçün darıxıb-darımayacaqlarını bilmirəm. İstirahət üçün vaxtım az olacaq. Yanvarın 5-də yenidən bir araya gələcəyik. Özüm isə 2-3 gündən sonra iş başında olacağam. Çünki yanvardan sonra proqramımız daha sıx olacaq. Yaxşı plan üzrə ikinci yarıya hazır olmalıyıq. İşimiz çoxdur. Xaricə gedib vaxt itirmək istəmirik. Məncə, buna görə problem olmayacaq. Komanda uzun müddət istirahətdə olmayacaq. Vaxtımız çox olanda ölkə xaricinə gedirdik. Çempionatın əvvəlindən formamızı daha da yaxşılaşdırmağa çalışacağıq”.

“2023-cü il bizim üçün uğurlu oldu”

Baş məşqçi 2023-cü ili də dəyərləndirib: “Çox uğurlu il adlandıra bilərəm. Bizim məqsədimiz, işimiz çempionatda uğurlu çıxış etməkdir ki, çempion olduq. Avrokuboklarda Çempionlar Liqasının qrupuna düşməsək də, çox yaxşı mövsüm keçirdik. Çətinliklərimiz olsa da, komanda ayaq üstə dura bildi. Bu, çox vacib idi. Bizdən gözləntilər həddən çox idi. Digər komandalarımız məğlub oldu, tək biz qaldıq və məsuliyyətimiz həddən atıq artmışdı. Futbolçularım bunu bacardılar. Kubokda da yolumuza davam edirik. Avropa Liqasının pley-offuna çıxmaq da yeni uğur oldu. Ümumilikdə, yaxşı oyunlarımız oldu. Sonda da Xankəndidə oyun keçirməklə ilə damğanı vurduq. Bu ili addım-addım əziyyətlə keçdik və tarixi hadisənin şahidi olduq”.

Qurban Qurbanov qış transfer məsələlərinə də toxunub: “Danışıqlar apardığımız futbolçular var. Nə dərəcədə alınacağını bilmirəm. Bizim də bir neçə oyunçumuzla maraqlanan klublar var. Təklif deməzdim. Amma maraqlanan xarici klublar var. Bu da normaldır. İş prinsiplərimizin bir hissəsidir. Çalışırıq ki, bu məsələləri ikitərəfli yoluna qoyaq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: