“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün “Kəpəz”ə qarşı keçirdikləri yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis gündəmdə olan mövzularla bağlı fikirlərini bildirib:
“Yenicə yığışmışıq. Hələ hazırlığın az bir hissəsini geridə qoymuşuq. Bu günlərdə istədik ki, bir oyun keçirək və futbolçulara şərait yaradaq. Oyunçulara tapşırmışdıq ki, təsləməsinlər, ehtiyatlı oynasınlar. Hazırlıq üçün vaxtımız çox azdır. Bu oyun komanda üçün faydalı oldu. Azər Bağırova təşəkkür edirəm ki, təklifimizi qəbul etdi və bizimlə bu oyunu keçirdilər. Yanvarın 12-də “Zirə” ilə də yoxlama oyunu keçirəcəyik. Əsas odur ki, yanvarın 17-də və 23-dəki oyunlara (Premyer Liqa və Avroliqada – red.) komandanı normal vəziyyətə gətirək.
Zədəlilərimizdən Bədavi Hüseynov hələ komanda ilə məşq etmir. Bəhlulla yanaşı Marko Veşoviçə də bu gün 20-25 dəqiqə şərait yaratdıq. Abdullah Zubirin neçə gündür temperaturu var idi. Yavaş-yavaş tam bərpa olunurlar. Aleksey İsayev də əməliyyat olunub, lakin ilk gündən məşq edir. Ona da ehtiyalı olmağı tapşırmışdıq.
Yassin Benzyanın yoxluğuna gəlincə, anasının durumu ağırdır. Ona görə hələ qayıtmayıb. Xəbər göndərdi və biz də razılaşdıq ki, hələlik anası ilə olsun. Nə vaxt geri qayıdacağı hələ bilinmir”.
“Yeni oyunçular gələcəkdə “Qarabağ”a daha rahat gələcəklər”
Qurban Qurbanov braziliyalı hücumçu Olavio Juninyonun transferi ilə bağlı son durumu da dəyərləndirib:
“Hələ konkretləşməyib. Bəzi nüanslar var. Oyunçunun özünün istəyi də vacibdir. Əvvəl “Sevilya” ilə danışılmışdı. Sonra “Flamenqo” da təklif göndərdi. Danışıqlar gedir. Yəqin ki, qarşıdakı günlərdə məsələ yekunlaşacaq. Bəzən futbolçuları, təklif göndərən klubları da nəzərə almaq lazımdır. Futbolçumuzun həm “Sevilya”, həm də “Flamenqo”ya gedişi “Qarabağ”ın böyüməsi, bu kluba diqqətin artması deməkdir. Son günlərdə İspaniya və Braziliya mətbuatında “Qarabağ” və Azərbaycan futbolu haqda xeyli müzakirələr gedir. Artıq digər futbolçularımızı da analiz edirlər. Keçmiş və indiki formaları müzakirə olunur. Ola bilər, biz futbolçunu itirəcəyik. Lakin klub bu transferdən böyük uğur əldə edəcək. Yeni oyunçular da gələcəkdə “Qarabağ”a daha rahat gələcəklər. Hərtərəfli baxsaq, futbol və siyasi baxımdan bu, çox vacibdir”.
“Qarabağ”ın baş məşqçisi yeni transferlərin olub-olmayacağı barədə sualı da cavablandırıb:
“İşimizin daha çox hissəsini yeni oyunçuların alınmasına ayırmışıq. Amma hələ ki, real görünmür. Son günlərin danışıqlarına görə belə deyirəm. Hələ vaxtımız var. Çalışacağıq, nəsə edək. Juninyo getsə, digər variantlarımız var. Hansısa addım atmalıyıq. Dəfələrlə belə hallar olub və çıxış yolu tapmışıq. O mövqedə oynayan futbolçular var.