Qurban Qurbanov: “Zirə”nin yorğunluğundan istifadə etdik”

Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 20-ci turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçuları təbrik edirəm, yaxşı oyun göstərdilər və vacib qələbə qazandıq. Rəqibin yorğunluğundan istifadə etdik. “Zirə” ötən tur “Qəbələ” ilə iki günlük matç keçirdi. Buna baxmayaraq çox yaxşı komandaya qalib gəldik. Hər iki kollektivə uğurlar arzulayıram.

Futbolçularımda arxayınlığın olmamasını istəyirəm. Xal itirməkdən yox, futbolçuların inamsızlığından narahatam. Məğlubiyyət və xal itkisi oyunçulara inamsızlıq verə bilər. Futbolçular zaman keçdikcə daha da peşəkar olurlar. İl ərzində komandanı eyni səviyyədə saxlamaq çətindir. Müəyyən bir dövr olur ki, komanda formadan uzaq düşür.

Çempionatın sonunadək məni ən çox narahat edən məqamlardan biri millinin oyunlarına görə yaranan fasilələrdir. Heyətdə yalnız 5 legioner qalacaq. Bu, məni narahat edir. Futbolçuların ayrı-ayrı millilərə getməsi bir tərəfdən sevindiricidir, digər tərəfdən bizə zərbədir. Ümid edirəm ki, zədələr olmayacaq. Buna görə böyük narahatlığım var. Bu gün demək olar ki, komandadan hamını yığmalara dəvət ediblər. Başqa tələblər altında məşq etmələri onları buradakı idman formalarından uzaqlaşdırır. Buna görə də narahatam. Məşq prosesini necə aparacağımızın yolunu tapacağıq. Amma keyfiyyət itirəcəyik. Bunu yoluna qoymaq üçün çalışacağıq”.

“Daha çox özümüzü düşünürük, nəinki rəqibləri”

Qurban Qurbanov hücumçu Rüstəm Əhmədzadənin az oynamasına da aydınlıq gətirib: “Rüstəmdə bir az problemlər oldu. Biz hazırlığa başlayanda koronavirusa yoluxmuşdu və xəstəliyi ağır keçirdi. Bu gün onun idman formasından razı deyiləm. Özünə gəlməyə başlayanda zədələndi və bir həftə məşq edə bilmədi. Böyük potensialı var, sadəcə, yaxşı məşq proqramı lazımdır. Ukraynada olan olaylar da ona təsir edib və bu səbəbdən çox pis olmuşdu. Hazırda özünə gəlməyə başlayır. Uyğunlaşması üçün vaxt lazımdır. Daha yaxşı olması üçün çalışacağıq. Mən özüm də onunla danışdım. Ailəsinin bir hissəsi rahat yerdə idi, digərləri Kiyevdə qalırdı. Müəyyən müddət sonra hər şey qaydasına düşdü. Onları buraya gətirmək problem idi. Belə halların yaşanması heç kim üçün xoş deyil. Futbolçunu nə qədər motivasiya etsək də, fikri ordadır. Ümid edirəm ki, müharibə tez bir zamanda bitər”.

“Qarabağ”ın çalışdırıcısı bütün komandaların onlara rəqib olduğunu sözlərinə əlavə edib: “Bu gün 3:0 hesabı ilə qalib gəlsək də, meydanda mübarizə, sürət var idi. “Sabah”la qarşılaşma da çətin keçmişdi. Bir azərbaycanlı olaraq hər bir komandanın yaxşı səviyyəyə gəlməsinə sevinirəm. Son zamanlar 5-6 komandada məşqçilərin öz düşüncəsi görünür. Bunlara sevinirəm. Məqsədimiz bütün rəqiblərə qarşı ən yaxşı səviyyədə hazır olmaqdır. Daha çox özümüzü düşünürük, nəinki rəqibləri”.

Qurbanov yeni oyunçularla da maraqlandıqlarını etiraf edib: “Mətbuatda bəzən çox xəbərlər yayılır. İndi elə bir klub yoxdur ki, hər hansısa futbolçu ilə maraqlanmasın. Bu, bizə də aiddir. Tez-tez hansı ölkələrdə hansı oyunçuların bizə uyğun olduğu ilə maraqlanırıq, bütün mövqelərə oyunçu axtarırır. Çünki düşünmədiyimiz problemlərlə üzləşirik. Ona görə də bütün mövqelər üzrə oyunçulara baxırıq, xəbər göndərir, maraqlanırıq. Bu, işimizin bir hissəsidir. Ancaq tam olaraq oyunçu adı çəkə bilmərəm”.

“Qarabağ”ın çalışdırıcısı yarımmüdafiəçi Abdullah Zubirin qardaşı Tarek Zubirin “Zaqatala”ya transferindən də danışıb: “Bunun psixoloji tərəfdən Abdullah Zubirə faydası olacaq. Onun rolunun olmadığını deyə bilmərəm. Təklif edib. Zubirlə 2.5 illik müqaviləmiz var. Azərbaycan mentalitetinə, oyun üslubumuza uyğun futbolçudur. Qaradaşının da burada olması onun üçün yaxşı əlamət sayıla bilər”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: