Qurbanov: “Düşündüyümdən daha yaxşı oynadıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çox maraqlı oyun alındı. Hər iki komandanın futbolçuları alqışa layiq idi. Oyunçularımı təbrik edirəm. Düşündüyümdən daha yaxşı oynadılar. Uzun müddətdir ki, çempionatda bu qədər azarkeşin qarşısında oynamırdıq. Meydanda əsl futbol gördük.

Çempionatda fasilənin yaranması futbolçunun formasına təsir edir. Çoxdandır birlikdə oynamamışdılar. Bu gün qərar verdim ki, onlar birlikdə olsun. İstər-istəməz yorğunluq olur. Oyunçular matçdan əvvəl bir dəfə normal məşq etmişdilər.

Konfrans Liqasının qrup mərhələsinin ilk turunda qarşılaşacağımız “Bazel”lə oyunda futbolçular daha yaxşı ola bilər. Bu gün meydança ağır idi. Bu, məni bir az narahat edir.

“Neftçi” görüşün sonlarında daha çox irəli atıldı. Əks-hücumçulara çıxsaq da, sonluq yaxşı alınmadı. Toral Bayramov yorulmuşdu, ona görə narahat oldum. Çatışmazlıqlar var. Maksim Medvedevlə Kevin Medina da zədədən yenicə qayıdıb.

İbrahima Vadji fərqli çempionatdan gəlib. Çox istəkli futbolçudur. Meydanda sonadək mübarizə aparır. Ona alqış düşür. “Neftçi”nin müdafiəsini təzyiqdə saxladı. Məşqlərdə çox istəklidir. Bəzi çatışmayan cəhətləri var. Ustalıq səviyyəsini daha da yaxşıllaşdıracağına inanıram”.