“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Vacib qələbədir. Bir az gərginlik və yorğunluq var idi. Hər bir futbolçudan razı qaldım. Komanda get-gedə daha inamlı və güclü oynamağa başlamışdı. Lakin qarşıda fasilə olacaq. Ola bilər ki, futbolçular bu fasilədə əvvəlki formalarından uzaq düşsünlər. Qarşıdakı 15 günü əlimizdə olan 5-6 futbolçu ilə keçirəcəyik.
Hər zaman millidən sonra futbolçularımın fiziki yox, psixoloji vəziyyətindən narahat olmuşam. Bu fasilə dönəmində 11-12 futbolçumuz milli komandalara çağırılacaq. Patrik Andradeni də ölkəsinin millisinə dəvət ediblər. Əlimizdə 5-6 gənc futbolçu qalır. Sonra yenidən komandanı bərpa etmək narahatlıq yaradır məndə. Milli komanda hamımızındır. Həm sevinirik ki, bu qədər futbolçumuz milliyə gedir. Lakin digər tərəfdən də neçə gündü düşünürəm ki, yığdığımız bu formanı fasilədən sonra necə geri qaytaracağıq”.
Qurbanov son oyunlarda qırmızı vərəqə səbəbindən oynamayan Kevin Medinanın bu gün ehtiyatda qalmasına və “Qarabağ”ın sabiq hücumçusu Dino Ndlovunun mümkün qayıdışı barədə də danışıb: “Medinanın uzun müddətdən sonra oyuna çıxması çətin ola bilərdi. Eyni zamanda son oyunlarda digər futbolçular özlərini yaxşı tərəfdən göstərir. Bu üzdən riskə etməyə ehtiyac duymadıq. Dino Ndlovuya gəlincə, onu hamımız çox istəyirik. Komandamızın bir parçası olub. Uğurlarımızda onun da əməyi böyükdür. Hazırda onun qayıdışı ilə bağlı məsələ yoxdur. Yanvarda qısa danışıq olmuşdu. Bizə təklif etmişdilər və sonra söhbət olaraq da qaldı. Əlavə heç nə olmayıb”.
Qurban Qurbanov Keysuke Hondanın “Neftçi”yə keçidindən də söz açıb: “Böyük adların bizim futbola gəlməsi heç də pis nəticə verməz. İstər məşqçi, istər futbolçu olsun. Belə adlar, simalar görəndə azarkeşlərin futbola marağı artır. Hər zaman belə şeyin tərəfdarı olmuşam. Azarkeşli olsaydı, daha maraqlı olardı. Hondanın “Neftçi”yə gəlməsi onu göstərir ki, çox iddialıdırlar. Belə futbolçularım çempionatda olması hər kəsə stimul verir. Bəlkə də, bu, hələ başlanğıcdır. Uğurlar arzulayıram”.


