Qurbanov və Berdıyevdən qolsuz heç-heçəyə şərh

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 12-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis qolsuz heç-heçədən sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Hər iki komandanın futbolçularına təşəkkür edirəm. Mübarizəli, dinamik matç keçirdilər. Möhtəşəm ab-hava var idi. Çox istərdik ki, 3 xal qazanaq. Amma bir xal da pis nəticə deyil.

Belə oyunlar hər komanda üçün faydalı olar. Əfsuslar olsun ki, bəzi oyunlarda temp çox aşağı olur. Bəzi nüansları qeyd etmək mümkündür. Bu gün belə mübarizə gözlənilirdi. Temp demək olar ki, aşağı düşmədi. Bütün oyunlar bu saatda olsa, belə temp olar. Rəqibin bizə xoş olmayan oyun stili var. Çox tez hücuma keçirlər. Bunun üzərində çox işləməklə inkişaf etdirirlər. Bir-birini gözüyumulu başa düşürlər. Standart vəziyyətlərdə çox təhlükəlidirlər. Amma futbolçularım bacardılar. Qapıçımız da çox diqqətli idi. Məğlub olsaydıq da, oyuna yanaşmadan razı qalacaqdım”.

Qurbanov həmkarı, “Turan Tovuz”un çalışdırıcısı Kurban Berdiyevlə rəqabətə dair sualı da cavablandırıb:

“Rəqabət aparmağım düzgün çıxmaz. O, təcrübə baxımından məndən qabaqdadır. Belə insanların Azərbaycanda olması əlbəttə ki, faydalıdır. Onun burada olmasına ancaq pozitiv baxıram”.

“Qarabağ” növbəti matçını Avropa Liqasında “Bodo Qlimt”ə qarşı keçirəcək. Norveç klubu da süni ot örtüyündə oynayır. Qurbanov “Turan Tovuz”la görüşün bu mənada onlara faydalı olduğunu düşünür:

“Belə düşünmək olar. Meydança amili də təbii ki, önəmlidir. Bizim üçün çox yaxşı oldu. Futbolçuların hazırlıq səviyyəsi də düzəlir.

Yassin Benzya əzələsində ağrılar hiss etdi. İki gün əvvəl baş verdi. Həkimlərin dediyinə görə, 2-3 gündən sonra düzəlməlidir. Leandro Andrade isə matçın ilk hissəsində zədələndiyinə görə əvəzləndi. Belində ağrı hiss etdi. Ona görə də meydandan çıxdı. Sərt mübarizə oldu. Məncə, elə böyük problem olmaz”.

“Heç-heçədən razı qalmadığımızı desəm, düzgün olmaz”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev isə qolsuz heç-heçə barədə bunları dilə gətirib:

“Azarkeşlərimiz üçün yaxşı oyun alındı, maraqlı oyun oldu. Ümumən, oyundan razı qaldıq. Amma səhvlərimiz də var idi. Təxminən plan həmişəki kimi idi. Amma təbii ki, rəqib futbolçuların ümumi və fərdi ustalıqlarını da nəzərə almışdıq. Birəbir oynamaq xüsusiyyətlərinə diqqət edirdik. Əsas plan bundan ibarət idi. Liderlə heç-heçədən razı qalmadığımızı desəm, düzgün olmaz. Oyundan razı qaldım”.