“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 18-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 5:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında qısa danışıb:
“Çox danışmaq istəmirəm. Futbolçularımı təbrik edirəm. Oyun barədə çox danışmayacağam. Uzun müddət idi bu arenada oyun keçirmirdik. Hamıya xoş oldu, bol qol vuruldu. Azarkeşlərimizə möhtəşəm dəstəyə görə təşəkkür edirəm. Rəqibə uğurlar arzulayıram, yaxşı komandadır”.
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev isə ağır məğlubiyyətlə bağlı bunları söyləyib:
“Bizi çətin oyun gözlədiyini bilirdik. “Qarabağ”ın reklama ehtiyacı yoxdur. Çempionatın vahid lideridir. Matçdan öncə də komandanı ağır oyuna hazırlamışdıq. İnanırdıq ki, komanda “Qarabağ”a qarşı yaxşı oyun nümayiş etdirə biləcək. İlk hissədə düşündüklərimizi meydanda yerinə yetirməyə çalışırdıq. Əlbəttə, bir daha vurğulayım ki, “Qarabağ” imkan verdiyi qədər oynaya bildik. İkinci hissədə rəqib tempi artırandan sonra müdafiədə boşluqlar verdik. Rəqib də bundan istifadə etdi. Ümumi qırılma nöqtəsinin olduğunu deməzdim. Omar Haninin meydandan çıxması müəyyən qədər təsir etdi. Qarşılaşmadan əvvəl onun üzərində dayanmışdıq. Qırılma nöqtəsi “Qarabağ”ın bizə göstərdiyi təzyiqdən irəli gəldi. Onlar imkan verdiyi qədər oynadıq. Tək qapıçının üstünə düşmək istəməzdim. Kimsə səhv etməlidir ki, qapında qol olsun. Nicat Mehbalıyev inandığım qapıçıdır. Qarşıdakı görüşlərdə də üzərində dayanacağıq”.


