Quti indiki “Barselona” ilə “Real”ı qiymətləndirdi

“Real”ın ispan keçmiş futbolçusu Quti cari mövsümə uğurla başlamış “Barselona”nın çempionluq uğrunda mübarizəsinə qiymət verib.

Arena.az xəbər verir ki, Quti bu xüsusda ona ünvanlanmış “bu “Barselona” qorxuludurmu?” sualını belə cavablayıb:

“Xeyr. Mövsümə yaxşı başlayıblar və onlar üçün işlər yaxşı gedir. Ancaq həqiqət budur ki, qarşıda hələ uzun məsafə var. Hələ sentyabrdır, nəticələr isə may ayında çıxarılmalıdır”.

İspan mütəxəssis “Real”ı da qiymətləndirib. Ötənlərin tanınmış futbolçusu hesab edir ki, “qaymaqlılar”ın hazırkı heyəti onun da çıxış etdiyi, “qalaktikos” adlandırılan heyətdən daha güclüdür:

“Bu komanda “qalaktikos”dan yaxşıdır. Onların çox yaxşı və çox gənc oyunçuları var. Onlar bütöv bir dövrü təcəssüm etdirmək niyyətindədirlər”, deyə Quti bildirib.

İspaniya yığmasının sabiq üzvü bu il “Qızıl top” üçün səsvermədə kimə səs verəcəyi ilə bağlı sualı da cavablayıb:

“Mövsümün ilk yarısından danışsaq, mükafatı Cud Bellingemə verərdim. Mövsümün ikinci yarısından söhbət açsaq, mükafatı Vinisius Juniora verərdim. Tam bir mövsümə gəlincə isə, bu halda, mükafatı Dani Karvaxala verərdim. O, mövsüm boyu, o cümlədən İspaniya yığmasında yaxşı idi.

İndi “Qızıl top”u qazana biləcək dörd-beş oyunçu var. Daha əyləncəli olub. Əvvəllər yalnız Lionel Messi və ya Kristiano Ronaldo vardı”.

Xatırladaq ki, İspaniya La Liqasının cari mövsümünə ardıcıl 5 qələbə ilə start vermiş “Barselona” 15 xalla vahid liderdir. Madrid “Real”ı isə keçirdiyi 5 oyundan 3-də qələbə qazanıb, 2 heç-heçə edib və hazırda 11 xalla 2-ci pillədə qərarlaşıb.