Qvardiola: “Aston Villa” ilə görüş final oyunudur”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 34-cü turunun “Aston Villa” ilə oyunundan gözləntisini açıqlayıb.

Arena.az “Mançester Siti”nin rəsmi saytına istinadən, ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Bu oyun yarış cədvəlində yekun yerləri müəyyənləşdirmək baxımından həlledici rol oynaya bilərmi? Sözsüz. Bundan sonra “Vulverhempton”la oyunumuz yenə də final oyunu olacaq. Hər bir oyun əhəmiyyət kəsb edir.

“Aston Villa” – Çempionlar Liqasına düşməyə namizəddir. Onların PSJ-yə və mənim dostum Luis Enikeyə (PSJ-nin ispan baş məşqçisi – redaktorun qeydi) qarşı oyunu məni çox təsirləndirdi. Onlar alçaq səddə oynaya bilirlər, sürətləri və standart vəziyyətləri ilə isə silaha çevrilirlər.

Bu, finaldır, bizim azarkeşlərimiz isə bizə növbəti mövsümdə yenidən Çempionlar Liqasında çıxış etməkdə kömək edə bilərlər. Bizə ilk dəqiqədən dəstək və daimi səs-küy yaradılması gərəkdir”, deyə Qvardiola vurğulayıb.

33 oyundan “Mançester Siti” 58 xal toplayıb və 5-ci pillədə qərarlaşıb. “Aston Villa” isə 57 xalla 7-ci pillədədir. Hər iki komanda UEFA Çempionlar Liqasına vəsiqə verən ilk dördlükdə yer almaq uğrunda mübarizə aparır.

İngiltərə Premyer Liqasının ilk dördlüyü isə 33 turdan sonra belə sıralanıb:

  1. “Liverpul” – 79 xal;
  2. “Arsenal” – 66 xal;
  3. “Nottingem Forest” – 60 xal;
  4. “Nyukasl” – 59 xal.

“Mançester Siti” – “Aston Villa” oyunu bu gün, aprelin 22-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.