“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ingilis mərkəz yarımmüdafiəçisi Cud Bellingemin “Real”ın heyətində çıxışını şərh edib.
Arena.az “BeanymanSports” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Bellingemin təsiri çox böyükdür. İndiki “Real” keçən mövsümlə müqayisədə tamam fərqli komandadır. Onun töhfəsi göz qabağındadır”, deyə Qvardiola vurğulayıb.
Xatırladaq ki, püşk “Mançester Siti”ni Çempionlar Liqasının 1/4 final mərhələsində məhz “Real”a rəqib edib.
Bellingem “Real”a 2023-cü ilin iyun ayının əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Üstəlik, almanlar 30% bonus məbləğini əlavə qazanc olaraq əldə edə bilərlər.
Bellingem İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.
Cari mövsümdə Bellingem “Real”ın heəytində bütün yarışlarda 31 oyuna çıxıb, 20 qol vurub, 9 məhsuldar ötürmə verib.
Cud Bellingem 2020-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 27 oyun keçirib, 2 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Bellingemin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.