Qvardiola bu sualdan cana doydu, üçqat “hə” ilə cavabladı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola eyni səpgili sulllar yağışı altında qətiyyətli və duyğusal cavabı ilə diqqət çəkib.

Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən məlumat verir ki, ispan mütəxəssisə, “Real”a məğlubiyyətdən sonra “şəhərlilər”in sükanı arxasında qalıb-qalmamaq fikrində olması ilə bağlı müxtəlif səpgili suallar ünvanlanıb:

“Mən qalmaq və “Mançester Siti”ni çalışdırmağa davam etmək istəyirəm. Bu, mənim planımdır, bu, dəqiqdir. Mən buna sona qədər əminəmmi? Hə, hə, hə…”, deyə “Pep” səsini başına atıb.

Xatırladaq ki, Qvariolanın “Mançester Siti”si Çempionlar Liqasını 1/16 final mərhələsinin hər iki oyununda “Real”a məğlub olaraq (evdə: 2:3; səfərdə: 1:3), mötəbər yarışla vidalaşıb.

Əlavə edək ki, Xosep Qvardiola üçün cari mövsüm, ispan mütəxəssisin məşqçilik fəaliyyəti ərzində ən uğursuz mövsümüdür. “Pep” artıq şəxsi antikeordlara imza atıb və bu nəticələrin daha da pisləşəcəyi qaçılmazdır.

Yeri gəlmişkən, “Mançester Siti”nin baş məşqçisi “şəhərlilər”in yeni transferi, 20 yaşlı özbək mərkəz müdafiəçisi Abdukodir Xusanovun çıxışı barədə də fikrini bildirib. İspan mütəxəssis ondan gözləntilərinin böyük olduğunu vurğulayıb:

“Bu oğlan gələcəkdə görkəmli futbolçu ola bilər. Biz onda bu imkanı görürük”, deyə “Pep” vurğulayıb.