Qvardiola De Bröyne haqda ikibaşlı danışdı: “Onun zamanı tükənir”

“Mançester Siti”nin baş məşqçisi, ispan mütəxəssis Xosep Qvardiola “şəhərlilər”in belçikalı yarımmüdafiəçisi Kevin De Bröyne haqda danışıb.

Arena.az “City Xtra” dərgisinə istinadən məlumat verir ki, “Pep” De Bröynenin Yeni ildən qısa müddət sonra zədəsini sağaldacağı ilə bağlı daha əvvəl dediyi sözləri şərh edib.

“Əgər o, yanvarda qayıdacağını söyləyibsə, bu, elə, belədir. İstərdim ki, Kevin mövsümün çox hissəsini bizimlə keçirsin. Bunu desə, Yeni il həqiqətən hamı üçün xoşbəxt olacaq.

Bununla belə, futbolsuz bu qədər uzun fasilənin Kevinə xeyir verəcəyini düşünmürəm. Onun artıq 21 yaşı yoxdur. Təəssüf ki, onun vaxtı daralır. İndi o, zədəlidir, amma öz sağalması və hazırlığı üçün lazımi qayğı göstərməlidir. Onun bərpadan sonra bir həftə ərzində tam hazır olacağını gözləmirik. Hər şeyi yenidən başlamaq və addım-addım irəliləmək lazımdır. Bu mənada ehtiyat oyunçular skamyası əla seçimdir”, deyə Qvardiola bildirib.

Xatırladaq ki, De Bröyne cari mövsümün əvvəlində ciddi zədə almışdı. Əvvəlcə futbolçunun 3-4 ayı buraxa biləcəyi bildirilirdi, sonradan bu müddətin daha uzun olacağı məlum oldu.

Geridə qalmış 2022/2023 mövsümündə Xosep Qvardiolanın çalışdırdığı “Mançester Siti” İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu və Çempionlar Liqasını qazanmaqla, üçqat uğura – “trebl”ə nail olmuşdu. Həmin mövsümündə De Bröyne “şəhərlilər”in heyətində aparıcı futbolçulardan biri olub. Belçikalı müdafiəçi ötən mövsüm “Mançester Siti”nin heyətində 49 oyuna çıxıb, 10 qol vurub, 31 məhsuldar ötürmə verib. Cari mövsümdə De Bröyne 2 oyun keçirib, 1 məhsuldar ötürmə ilə fərqlənib.

De Bröynenin “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Kevin De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi Belçika yığmasının heyətində 99 oyun keçirib, 26 qol vurub, 49 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı Kevin De Bröyneni 70 milyon avro məbləğində qiymətləndirir.