Qvardiola De Bröynenin zədəsi haqda fikrini açıqladı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in yarımmüdafiəçisi Kevin De Bryöynenin zədəsi haqda fikrini bildirib.

Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, ispan mütəxəssisin belçikalı futbolçunun zədəsi haqda fikrini təqdim edir:

“Bu zədənin Kevin De Bröyne üçün uzunmüddətli olacağını düşünmürəm. Mən onun “Uotford”la oyunda iştirakı barədə heç nə deməyəcəyəm, “Nyukasl”la oyunda iştirakı barədə isə bilmirəm. Amma onun yoxluğunun qısamüddətli olacağını düşünürəm”, deyə Qvardiola vurğulayıb.

Xatırladaq ki, De Bröyne zədə səbəbindən “Mançester Siti”nin İngiltərə Premyer Liqasının “Arsenal”la 5-ci tur oyununu (2:2) buraxmalı olub.

Kevin De Bröyne “Mançester Siti”yə 2015-ci ilin avqustunda 76 milyon avro məbləğ müqabilində “Volfsburq”dan keçib. Belçikalı hücumameylli yarımmüdafiəçinin “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə De Bröyne bir müddət zədə səbəbindən oynamasa da, “şəhərlilər”in heyətində aparıcı futbolçulardan biri olub. Belçikalı futbolçu ötən mövsüm meydana qayıtdıqdan sonra “Mançester Siti”nin heyətində 26 oyuna 6 qol vurub, 18 məhsuldar ötürmə verib.

Yenicə başlamış cari mövsümdə isə Kevin “Mançester Siti” üçün 6 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

De Bröyne “şəhərlilər”in heyətində ümumilikdə 388 oyun keçirib, 103 qol və 171 məhsuldar ötürmə müəllifi olub.

Kevin 2010-cu ilin avqustunda debüt etdiyi və hazırda kapitanı olduğu Belçika yığmasının heyətində 107 oyun keçirib, 30 qol vurub, 49 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı belçikalı hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.