“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in norveçli mərkəz hücumçusu Erlinq Haland haqda söhbət açıb.
Arena.az “90min” dərgisinə istinadən məlumat verir ki, ispan mütəxəssis avqustun 16-da başlayacaq İngiltərə Premyer Liqasının yeni mövsümünün startı ərəfəsində “qolçu vikinq”in fiziki idman vəziyyəti qiymətləndirib və müvafiq xüsusda qayğısını ifadə edib:
“Erlinq özünü narahat hiss edir. Biz onunla risk etmək istəmirik. Amma gec-tez o, məşq vasitəsilə irəliləyiş əldə etməli olacaq. Mövsüm burnumuzun ucundadır. Haland əskikliklərdən xali deyil. Biz onu üç həftə və ya bir ay müddətinə itirmək istəmirik. Bu, bizim üçün fəsad olardı”, deyə Qvardiola vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Halandın özü oyun təqviminin sıxlığı mənzərəsində çoxsaylı oyunların varlığında yüksək idman formasında olmağın çox çətin olduğu haqda fikrini ifadə etmişdi.
Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 38 qol vurub və 6 məhsuldar ötürmə verib. Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 98 oyun, 90 qol, 15 məhsuldar ötürmə.
Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olmuşdu. Geridə qalmış mövsümdəisə “qolçu vikinq” ardıcıl ikinci dəfə İngiltərə çempionluğunu qazanıb.
Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 33 oyuna 31 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 24 yaşlı norveçli hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Erlinq Halandın dünyanın ən bahalı dörd futbolçusundan biri olduğu deməkdir.