Qvardiola Halandın və De Bröynenin bərpa gedişatı haqda danışdı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandasının iki aparıcı futbolçusunun zədədən bərpa gedişatı haqda açıqlama verib.

Arena.az italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən məlumat verir ki, ispan mütəxəssis “şəhərlilər”in norveçli mərkəz hücumçusu Erlinq Haland və belçikalı hücumameylli yarımmüdafiəçisi Kevin De Bröynenin zədələrinin sağalmasından danışıb:

“Erlinq özünü daha yaxşı hiss edir, amma hazırda bizimlə bir dəfə də olsun məşq etməyib. Ümidvaram ki, o, yanvarda meydana qayıda bilər.

Kevin keçən həftə bizimlə məşq etdi. Bu gün o, qayıtmağa görə çox çalışdığı üçün bir az yorğun idi”, deyə Qvardiola bildirib.

Xatırladaq ki, Qvardiola FIFA Klub Dünya Kubokunun finalı ərəfəsində də yetirmələrinin bərpası haqda məlumat vermişdi. “Pep” zədələrinə rəğmən, hər iki aparıcı futbolçusunu klublararası dünya çempionatına aparmış, meydana çıxmalarının mümkünz olduğunu bilsə də, onları klubdan ayırmamağı düzgün bilmişdi.