Qvardiola: “İnsanlar sülh içində yaşamaq istəyirlər, amma…”

“Mançester Siti”nin baş məşqçisi, ispan mütəxəssis Xosep Qvardiola dünyanın hazırkı vəziyyəti ilə bağlı fikirlərini paylaşıb.

Arena.az “Sky Sports” dərgisinə istinadən, Qvardiolanın bu barədə fikirlərini təqdim edir:

“Mən Almaniyada olmuşam, Yaxın Şərqdə olmuşam, burada (İngiltərə) olmuşam, İtaliyada olmuşam, Meksikada olmuşam. Və öyrəndim ki, biz hamımız elə, eyniyik. Eyni qorxular, eyni istəklər, eyni cəhdlər.

İnsanlar sülh içində yaşamaq istəyirlər. Onlar layiqli bir işə sahib olmaq, ev-eşik sahibi olmaq üçün kifayət qədər pula-paraya sahib olmaq, bir masa arxasında yemək yemək, kino və ya teatra baş çəkmək və ya bir axşam içki içmək istəyirlər. İnsanlar sadəcə bunu istəyirlər.

Ona görə də bu gün Fələstində və ya Ukraynada, Rusiyada, İsraildə baş verənləri anlamaq mənim üçün çətindir. Neçə-neçə insan öldü.
İnsanlar sülh içində yaşamaq istəyirlər. Bəs niyə müasir cəmiyyət hələ də bu vəziyyətdədir? Çünki siz bir digərini başa düşmürsünüz. Bir digəri də sizin kimidir. O, bir dəfə bir ölkədə doğulub və belə yaşamaq istəyir… Amma indi biz, insanlar olaraq olmamız gərək olan yerdən çox uzaqdayıq. Düzünü desəm, keçmişdə tarixin bizə nə öyrətdiyini hələ də öyrənə bilməmişik. Bu, çox kədərlidir”, deyə təcrübəli mütəxəssis vurğulayıb.

Xatırladaq ki, Xosep Qvardiola 2016-cı ilin iyul ayından “Mançester Siti”ni çalışdırır. “Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 485 oyun keçiriblər, 359 qələbə qazanıblar, 60 heç-heçə ediblər, 66 məğlubiyyətə üzülüblər. Top fərqi isə 1234:436 nisbətindədir.

Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.

Xatırladaq ki, “Pep” “Mançester Siti”dən öncə “Barselona” və “Bayern”i də uğurla çalışdıraraq, çoxlu qənimətlər qazandırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: