“Mançester Siti”nin ispan baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in hazırda Çempionlar Liqasında iştiraka hazır olmadığını qənaətindədir.
Arena.az məlumat verir ki, ispan mütəxəssis bu barədə xüsusi mətbuat toplantısında fikrini bildirib:
“Mən məmnuniyyətlə UEFA Çempionlar Liqasında oynayardım, amma cari mövsümdə biz Avropanın futbol qaymaqları ilə mübarizə aparmaqdan uzağıq. Bizim cari gerçəyimiz tam hazırlıq həftələri, istirahət, yaxşı məşqlərdən ibarətdir. Hər oyunumuz – bir finaldır. Bu, elə də çətin deyil, çempionatın sonuna yeddi oyun qalıb, onların hər biri isə finaldır”, deyə Qvardiola vurğulayıb.
32 oyundan 55 xalla “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 4-cü pilləsində müvəqqəti qərarlaşıb. Belə ki, “Çelsi” və “Nyukasl” da növbəti mövsüm Çempionlar Liqasına vəsiqə verən 4-cü yerə iddialıdırlar. “Zadəganlar”ın 31 oyundan 52, “sağsağanlar”ın 30 oyundan 53 xalı var. Göründüyü kimi, “Mançester Siti” növbəti mövsümdə Çempionlar Liqasında oynamamaq təhlükəsi ilə üz-üzədir.