Qvardiola Kompaninin “Bayern”ə mümkün təyinatından danışdı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Vensan Kompaninin “Bayern”ə baş məşqçi təyin edilməsi ehtimalı ilə bağlı danışıb.

Arena.az “City Xtra” dərgisinə istinadən, “şəhərlilər”in ispan çalışdırıcısının belçikalı mütəxəssis haqda xəbərə dair fikirlərini təqdim edir:

“Bu baş verərsə, şad olaram. Məndə “Vinni” haqqında çox müsbət təəssürat yaranıb. Onun “Börnli”sinin Premyer Liqadan yuvarlanmasının fərqi yoxdur. Onun necə insan olduğunu, oyunu necə başa düşdüyünü, mətbuatla necə davrandığını bilirəm. Onun yaradıcılığına çox yüksək rəy verirəm. İstəyirəm ki, “Bayern” özü üçün ən yaxşı qərarı versin. Mən bu klubu sevirəm, daha yaxşısına layiqdir. Əgər onlar “Vinni”yə inanırlarsa, deməli, biz onu qeyd-şərtsiz dəstəkləyirik”, deyə Qvardiola vurğulayıb.

Vensan Kompani “Börnli”ni 2022-ci ilin iyulundan çalışdırır. Belçikalı mütəxəssisin Lankaşir təmsilçisi ilə müqaviləsi 2028-ci ilin iyuna ayının sonuna qədər qüvvədədir. Artıq başa çatmış Premyer Liqa mövsümündə “Börnli” yarış cədvəlində sonuncudan əvvəlki, 19-cu yeri tutaraq, Çempionşipə yuvarlanıb. Buna rəğmən, Almaniya nəhəngi “Bayern”in Kompaninin xidmətində maraqlı olduğu, tərəflər arasında fəal danışıqların getdiyi vurğulanır.

Xatırladaq ki, Vensan Kompani bir müddət Xosep Qvardiolanın məşqçilər qərargahında çalışıb və ispan mütəxəssisdən futbol məşqçiliyinin bir çox sirlərini mənimsəyib.