Qvardiola “Kopenhagen”lə oyunun gərgin olacağına əmindir

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/8 final mərhələsinin “Kopenhagen”lə qarşıdakı oyunu haqda danışıb.

Arena.az “Mançester Siti”nin rəsmi saytına istinadən, ispan mütəxəssin bu barədə fikirlərini təqdim edir:

“Kopenhagen”ə böyük hörmətim var. Öz təcrübəmdən bilirəm ki, 1/8 finalın ilk oyunları çətin ola bilər. Futbolçulara yaxşı hazırlaşmalı və əziyyət çəkməyə hazır olmalı olduqlarını söylədim.

Gərgin oyun olacaq. Mən bunu yüz faiz hiss edirəm və hissiyyatım adətən aldatmır. Yeganə istisna iki il əvvəl “Sportinq”lə oyun idi. O zaman biz 5:0 hesabı ilə qalib gəldik, amma altı imkandan beş qol vurduq”, deyə Qvardiola bildirib.

Komandalar arasında oyun bu gün, fevralın 13-də “Parken” stadionunda baş tutacaq. Cavab oyunu isə martın 6-da Mançesterdə keçiriləcək.