“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 15-ci turunda “Kristal Palas”la səfər oyununu (2:2) şərh edib.
Arena.az “Mançester Siti”nin mətbuat xidmətinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Biz bir xal götürdük. Mən, döyüşdükləri və iki dəfə çətin şəraitdə oyuna qayıtdıqları üçün oyunçularla qürur duyuram, təkcə bizim oyunçularla deyil, hər iki tərəfin oyunçuları ilə.
Futbol elə bir oyundur ki, səhvlər olur və bunda pis heç nə yoxdur. Biz iki fantastik qol vurduq, amma onlar standart vəziyyətlərdə bizdən daha güclüdürlər – indiki hər komanda kimi.
Amma ümumilikdə oyun yaxşı keçdi, biz çalışdıq, mübarizə apardıq, mən isə gördüklərimin çoxundan çox razı qaldım”, deyə Qvardiola vurğulayıb.
15 turdan sonra 27 xal toplamış “Mançester Siti” Premyer Liqanın yarış cədvəlində 4-cü pillədə qərarlaşıb. “Krsital Pelas” isə 13 xalla 16-cı yerdədir. Premyer Liqaya 14 oyundan 35 xalla “Liverpul” başçılıq edir.


