Qvardiola “Liverpul”la “Arsenal”ın MS-dən fərqini nədə görür?

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Liverpul” və “Arsenal”ın “şəhərlilər”dən nə ilə fərqləndiyini açıqlayıb.

Arena.az “Mirror” nəşrinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Arsenal” və “Liverpul”un bizim rəqiblərimiz olduğunu nəzərə alsaq, biz mütəmadi heç-heçə oynaya bilmərik. Buna görə də biz hələ də qənimət uğrunda mübarizə aparırıq. “Arsenal”, “Liverpul” və bizim aramızda yeganə böyük fərq odur ki, onlar təzminat vaxtında vurduğu qollar sayəsində bu qədər oyun qazanıblar. Bu qədər çox. Bu, onlara indi olduqları yerə çatmağa kömək edib.

Əlbəttə ki, hamımızın inanılmaz mövsümləri olub, amma onlar gec vurulmuş qollar sayəsində çoxlu xal qazandılar. Bu, dəfələrlə “Liverpul”da da olub, “Arsenal”da da. Əlbəttə ki, buna isə layiqdirlər. Bu baxımdan onlar bizdən qat-qat üstündürlər, amma biz hələ də mübarizə aparırıq”, deyə Xosep Qvardiola vurğulayıb.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 33-cü turunda həm “Liverpul” və həm də “Arsenal” doğma meydanda gözlənilməz məğlubiyyətlə üzləşiblər. Bu, hər iki şərikli liderin öz üstünlüyünü əldən verməsi, öz növbəsində isə qələbə qazanmış “Mançester Siti”nin Premyer Liqaya başçılıq etməsi ilə nəticələnib.

Hazırda “Mançester Siti” 32 oyundan 73 xalla, “Arsenal” və “Liverpul” isə 71 xalla ilk üçlükdə müvafiq ardıcıllıqla sıralanıblar. Cari mövsümün çempionu da böyük ehtimalla məhz bu üç komandadan biri olacaq. Çünki sonrakı sıralarda qərarlaşmış “Aston Villa” (63 xal) və “Tottenhem”in (60 xal) mövsümü zirvədə bitirmək şansı çox cüzidir.