Qvardiola: “Mbappenin hara getmək istədiyini hamı bilir”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klubun PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etməyəcəyini bildirib.

Arena.az məsələni diqqətdə saxlayan italyan jurnalist-insayder Fabrisio Romanonun “Twitter” hesabına istinadən Xosep Qvardiolanın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Biz Kilian Mbappe ilə müqavilə bağlamayacağıq, o, “Mançester Siti”yə keçməyəcək – onun hara getmək istədiyini hamınız bilirsiniz”.

Daha əvvəl Mbappenin PSJ ilə gələn ilin yayında başa çatacaq müqaviləsini yeniləməkdən imtina etdiyi bildirilmişdi. Hücumçu ilə müqavilə bir il müddətinə uzadıla bilərdi, amma Mbappe klub rəhbərliyinə bunu etmək istəmədiyini bildirmişdi.

Mbappeyə “Real” və “Arsenal”ın maraq göstərdiyi bildirilsə də, İngiltərə klubu müəyyən səbəblərdən iddiasından geri çəkilməkdədir. Madrid klubunun isə Mbappeni azad agent qismində əldə etmək perspektivini güddüyü gerçəkdir. Məhz bu səbəbdən madridlilər gələn ilə qədər gözləməyə üstünlük verirlər. Məsələ burasındadır ki, PSJ ulduz hücumçusunu havayı itirmək istəmir və onun satışına hazır olsa da, Mbappenin transfer məbləği və məvacibi qarşılığında futbolçuya hər klub sahib olacaq imkanda deyil.

2022/2023 mövsümündə Kilian Mbappe PSJ-nin heyətində 43 oyun keçirib, 41 qol vurub, 10 məhsuldar ötürmə ilə fərqlənib, komandası ilə Fransa çempionluğunu qazanıb.

“Transfermarkt” internet-portalı Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.