Qvardiola: “MS yaxşı formada deyil, amma bu, əhəmiyyətsizdir”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in İngiltərə Premyer Liqasının yeni mövsümünə hazırlığı haqda söhbət açıb.

Arena.az “Sky Sports” dərgisinə istinadən məlumat verir ki, ispan mütəxəssis komandasının yeni mövsüm ərəfəsində yaxşı formada olmadığını etiraf edib:

“Əlbəttə, biz istirahətə də üstünlük veririk. Kaş ki, buna daha çox vaxt ayıra biləydim. Bazar günü “Çelsi” ilə oyunda daha yaxşı nəticələr tələb edirəm. Bilirik ki, xalları mümkün qədər tez toplamalıyıq. Hər kəs bilir ki, biz ən yaxşı formada deyilik, amma bunun heç bir əhəmiyyəti yoxdur. Komandada əhval-ruhiyyə çox yaxşıdır. Düşünürəm ki, hazırda mükəmməl komandalar çox deyil. Mövsüm çox uzundur. Futbolçuların psixoloji cəhətdən hazır olması vacibdir, bunun üçün isə onlara istirahət gərəkdir”, deyə Qvardiola vurğulayıb.

Xatırladaq ki, “Mançester Siti” İngiltərə Premyer Liqasının yeni mövsümünə avqustun 18-də London səfərində “Çelsi” ilə oyunla başlayacaq. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 19:30-da başladacaq.