“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”dən ayrıla biləcəyi şərt haqqında söhbət açıb.
Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, 54 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Mən kluba demişəm ki, böyük heyətlər istəmirəm. Mən beş-altı oyunçunu tribunalarda oturtmaq istəmirəm, bu, mənim gərəyim deyil. Mən gedəcəyəm. Əgər onlar yığcam heyət təsis etməsələr, mən qalmayacağam. Çoxsaylı oyunçuları tribunalarda oturdub onlara oynamaq imkanı verməmək, mənim ürəyimcə deyil”, deyə Qvardiola vurğulayıb.
37 oyundan 68 xalla “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıblar. “Şəhərlilər” növbəti mövsümün Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparırlar.